SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
25.05.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 126
ATMU-da abituriyentlərlə onlayn görüş olub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2021-2022-ci tədris ili üzrə ali təhsil müəssisəsində təhsil almaq istəyən abituriyentlər və subbakalavrlar üçün məlumat-tanışlıq görüşü keçirilib.

Onlayn formatda baş tutan görüş saatlarında ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, rektor müşaviri Elvin Yusifli, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa və Karyera və Kommunikasiya şöbəsinin müdir müavini Səidə Məmmədova ATMU-nun fəaliyyət strategiyası, mövcud ixtisaslar, ikili diplom, yerli və beynəlxalq təcrübə proqramları, peşəkar inkişaf imkanları, könüllülük fəaliyyəti, həmçinin məzunlarla iş istiqamətlərinə aydınlıq gətiriblər. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) ali təhsilin bakalavriat və magistratura səviyyələrində həyata keçirdiyi "Turizm və otelçilik" ixtisası üzrə təhsil proqramları Ümumdünya Turizm Təşkilatının (ÜTT) nüfuzlu “UNWTO.TedQual” keyfiyyət sertifikatına layiq görülüb.

Cənubi Qafqaz regionunun ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyətdir.

Sözügedən nailiyyət Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən“Azərbaycan Turizm və Menecment Universitetinin potensialının artırılması” adlı layihə çərçivəsində əldə edilib. 2018-ci ilin dekabrından icra edilən layihənin məqsədi müvafiq ixtisas üzrə kadr hazırlığında təlim və tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasından ibarətdir. Layihənin hədəfi isə təhsil müəssisəsinin institusional potensialının gücləndirilməsi yolu ilə Azərbaycan hökumətinin turizm sahəsində qarşıya qoyduğu yüksək ixtisaslı kadr hazırlığı işinə daha səmərəli töhfə verməkdir.

Xatırladaq ki, ATMU Turizm və qonaqpərvərlik sahəsində mütəxəssislərin hazırlanması fəaliyyətinə görə ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi uyğunluq sertifikatına layiq görülmüşdü.

Görüşün sonunda abituriyentlər və subbakalavrları maraqlandıran çoxsaylı suallar universitetin müvafiq sturuktur rəhbərləri tərəfindən ətraflı cavablandırılıb.