SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
25.06.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 120
ATMU-da “Şuşa bəyannaməsi: Azərbaycan – Türkiyə müttəfiqlik münasibətlərində yeni addım” mövzusunda tədbir olub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi”nə həsr olunan “Şuşa bəyannaməsi: Azərbaycan – Türkiyə müttəfiqlik münasibətlərində yeni addım” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə universitetin rektoru İlham Mədətov, akademik – inzibati heyətin üzvləri və tələbələr iştirak ediblər. Tədbirdəki açılış nitqində rektor İ.Mədətov qeyd edib ki, 15 iyun 2021-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Belə bir əhəmiyyətli və mühüm sənədin imzalanma mərasiminin məhz Azərbaycanın müzəffər ordusunun 7 ay əvvəl işğaldan azad etdiyi Şuşa şəhərində keçirilməsi xalqımız üçün böyük fəxarətdir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Türkiyə Prezidenti Sayın Rəcəb Tayyib Ərdoğan tərəfindən iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi iki dövlətin ümumi maraqlarının qorunmasına, eləcə də qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin üzvü şəkildə əlaqələndirilməsinə istiqamətləndirilib. Rektor İ.Mədətov diqqətə çatdırıb ki, Şuşa Bəyannaməsini hər iki ölkə lideri 1994-cü il fevralın 9-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”ni və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”u, eləcə də 2010-cu il avqustun 16-da imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni və digər mühüm sənədləri rəhbər tutaraq imzalayıblar. Bu tarixi sənəd ölkələr arasında maraqların qorunması imkanlarının birləşdirilməsinin, həmçinin ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu artıracaq.

Tədbirdə çıxış edən t.ü.e.d., prof. Məhərrəm Zülfüqarlı bəyannamənin məhz Qars müqaviləsinin 100 illiyində imzalanmasının əhəmiyyətindən danışdı. M.Zülfüqarlı Qars müqaviləsi və 44 günlük vətən müharibəsi barədə iştirakçıları detallı məlumatlandırdı. Çıxışının sonunda Şuşa Bəyannaməsinin imzalanması ilə tarixi ədalətin bərpa olunduğunu dedi.

ATMU-nun “İctimai fənlər” kafedrasının müdiri t.ü.f.d., dos. İbrahim Əliyev Şuşa Bəyannaməsinin Azərbaycan üçün çox önəmli bir tarixlərdə – Milli Qurtuluş Günü və Qars müqaviləsindən 100 il sonra iki ölkə arasında imzalanmasının müstəsna siyasi və tarixi əhəmiyyəti olduğunu diqqətə çatdırdı və bildirdi ki, bu sənəd ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin məntiqi davamıdır. “Bu sənədlə ölkələrimiz arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyacaq” – fikrini isə xüsusi vurğuladı.