SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
31.08.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 138
ATMU tələbələrinin istehsalat təcrübələri Özbəkistan Respublikasında da təşkil olunacaq

30 avqust 2021 –ci il tarixində Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Bahrom Aşrafxanov Azərbaycan Turizm və Menecment Universitetində olub. ATMU-nun rektoru İlham Mədətov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musanın iştirakı ilə keçirilən görüşdə universitetin fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələrin uyğun inkişafı və s.diqqətçəkən məsələlərə aydınlıq gətirilib.

Cənab səfir tərəfindən 44 günlük Qarabağ savasında ölkəmizin əldə etdiyi qələbə və post müharibə dövründə həyata keçirilən quruculuq işləri, o cümlədən ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən proqramların əhəmiyyəti yüksək dəyərləndirib.

Görüş zamanı xüsusi müzakirə predmeti olan mövzular sırasında hər iki ölkənin turizm potensialı və turizm təhsili üzrə mümkün əməkdaşlıq imkanlarının genişləndirilməsi istəyi diqqətdə saxlanılıb. ATMU-nun rektoru İ.Mədətov universitet tələbələri üçün Özbəkistan Respublikasında fəaliyyət göstərən turizm iaşə obyektlərində istehsalat təcrübələrinin təşkilində maraqlı olduğunu xüsusi vurğulayıb.Qeyd etmək lazımdır ki, son illərdə ATMU və Özbəkistan Respublikasının ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları xeyli genişlənib.Beləki, 2019 – cu ildən ATMU ilə Özbəkistan Respublikasının Beynəlxalq İpək Yolu Universiteti, 2020 –ci ildən isə Dövlət İqtisadiyyat Universiteti arasında yaranan əməkdaşlıq əlaqələri faydalı olub. Məhz Özbəkistan Respublikasının Dövlət İqtisadiyyat Universiteti ilə həyata keçirilən səmərəli əməkdaşlıq sayəsində Dövlət Turizm Agentliyinin nümayəndələri tərəfindən özbək tələbələri üçün ustad dərsləri təşkil edilib.

Görüşün sonunda ATMU-nun rektoru İlham Mədətov və Özbəkistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov təhsil sahəsində əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə ediblər.