SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
28.09.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 123
ATMU-da “27 sentyabr Azərbaycanda “Anım günüdür””adlı tədbir baş tutdu.

Azərbaycan Turizm və Menecment Universitetində 27 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərimizin əziz xatirəsinin anılması ilə bağlı "27 sentyabr Azərbaycanda "Anım günüdür” ” adlı onlayn tədbir baş tutdu.

Şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla qeyd olunan tədbirdə universitetin rektoru İlham Mədətov, akademik və inzibati heyət, həmçinin tələbə və məzunlar iştirak etdilər. Tədbirdə rektor İlham Mədətov çıxışına: – ”2020-ci ilin 27 sentyabrı haqq savaşımızda Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qanımızla “qalib ölkə” statusunu imzaladığımız gün kimi yazıldı desək səhv etmərik”- cümləsiylə başladı.

Rektor onu da qeyd etdi: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə sonsuz ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd ediləcək”.

İlham Mədətov çıxışında: “Cənab Prezidentimiz İlham Əliyevin də dediyi kimi “30 il ərzində torpaqlarımızın işğal altında olması böyük ədalətsizlik idi. Torpaqlarımızın işğalı beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olan bir vəziyyət idi. Son illər ərzində dəfələrlə bəyan olunurdu ki, Azərbaycan xalqı mövcud vəziyyətlə heç vaxt barışmayacaq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarını işğalçılardan azad edəcək və belə də oldu. Azərbaycan işğalçıları öz tarixi torpaqlarından qovaraq, ərazi bütövlüyünü bərpa etdi”- dedi.

Rektor II Qarabağ müharibəsində ATMU-nun tələbə və məzunlarının da şücaət göstərdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. O bildirdi ki, Universitetin Menecment ixtisasının məzunu Məhəmmədəli Həsənzadə noyabr ayının 6-da Xocəvənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Yasin Səməndərov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək qazi olub. Ümumilikdə 100 nəfərdən artıq tələbə və məzunumuz müharibədə iştirak edib, onladan 70 nəfərə yaxını Azərbaycan Respublikasının müvafiq medallarına layiq görülüb.

Haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən məzunlarımızdan Kamran Mirzəyev və Qadir Yaqublu tədbirdə döyüş yolundan söz açdılar. Mübariz oğullarımızın qəhrəmanlıqlarından, xalqın ön cəbhəyə böyük dəstəyindən qürür hissi ilə bəhs etdilər.

Sonda rektor İlham Mədətov şərəfli tariximizin gələcək nəsillərin yaddaşında daima qalacağınıa inandığını dedi. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa arzuladı.