Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında “Keyfiyyət təminatında təcrübə mübadiləsi” adlı beynəlxalq vebinara ev sahibliyi edib.
Hibrid formada keçirilən tədbirdə Türkiyənin Hacettepe, Boğaziçi, Ankara, İstanbul və Yıldız Texniki universitetləri ilə yanaşı, Azərbaycanın 22 ali təhsil müəssisəsinin keyfiyyət təminatı mərkəzlərinin rəhbərləri iştirak ediblər.
Tədbirin açılışında UNEC-in rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov tədbirin əhəmiyyətindən danışıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Asiman İlyasov “Qanunvericilikdə ESG” mövzusunda təqdimatla çıxış edib. O, təhsil müəssisələrinin akkreditasiya qaydaları, bu istiqamətdə tətbiq olunan normativ-hüquqi aktlar – ali təhsil pilləsi üzrə dövlət standartları, dövlət təhsil strategiyası, təhsil proqramları barədə ətraflı məlumat verib, standartları təhlil edib.
Vebinara onlayn qatılan Hacettepe Universitetinin professoru Maviş Emel Kulak Kayıkcı “Ali təhsildə tələbə mərkəzli keyfiyyət təminat sistemi” mövzusunda danışıb. O, bu istiqamətdə Hacettepe Universitetinin təcrübəsini paylaşıb.
Yıldız Texniki Universitetinin keyfiyyət müdiri Recep Başak keyfiyyət təminatı sistemi çərçivəsində təmsil etdiyi universitetin nümunəsində “İnstitusional daxili qiymətləndirmə hesabatının hazırlanması prosesi” barədə geniş təqdimatla çıxış edib.
Onlayn tədbirin ikinci hissəsində Boğaziçi Universitetindən Gözde Erhan Ünal “Ali təhsildə keyfiyyət təminatı və Boğaziçi Universiteti nümunəsi”ni iştirakçılarla paylaşıb.
Türkiyənin İstanbul Universitetindən professor Eray Yurtseven “Ali təhsildə keyfiyyət təminatı və İstanbul Universiteti nümunəsi” və təmsil etdiyi ali məktəbin bununla bağlı fəaliyyət planı barədə danışıb.
Sözügedən vebinarda Azərbaycan Turizm və Menecment Universitetinin rektor müşaviri Elvin Yusifli, Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova və Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Fərid Cabbarlı iştirak ediblər.