SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
14.12.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 227
ATMU-da “Karyera həftəsi” uğurla başa çatdı

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Karyera və kommunikasiya” şöbəsinin təşkilatçılığı ilə “Karyera həftəsi” adlı tədbir keçirilib. Ali təhsil müəssisəsinin tələbə və məzunlarından ötrü həftəboyu nəzərdə tutulan tədbirdə iştirakçı müəssisələrin nümayəndələri mövcud iş yerləri, təcrübə və könüllülük fəaliyyəti, bilik və bacarıqların əhəmiyyəti və tətbiq imkanlarından bəhs etdilər.

Saffron Restoranlar Qrupunun İnsan resursları üzrə layihə meneceri Səadət İsmayılova, Marketinq üzrə menecer Aysel Cəbrayılova, mütəxəssis Solmaz Hüseynova şirkətin fəaliyyəti, həyata keçirilən layihələr, xidmətlər və adıkeçən quruma aid restoranlar şəbəkəsindən söz açdılar.

Hilton otelin İnsan resursları üzrə meneceri Xəyalə Əsgərzadə və mütəxəssis Aynur Ağayeva tərəfindən aparılan təlimdə X.Əsgərzadə otelin daxili və xarici fəaliyyətini şərtləndirən başlıca göstəricilər, iş - təcrübə imkanları və s. məsələlərə müfəssəl aydınlıq gətirdi. İnteraktiv təlim zamanı tələbələr bu sahənin incəlikləri ilə ətraflı tanışlıq imkanı qazandılar. Aynur Ağayeva isə öz növbəsində oteldaxili iş prosesi, vakansiyalar, təcrübə proqramları, tələbələr üçün yaradılan başlıca imkanlar, işəqəbul və təcrübə prosesində nəzərəçarpan yeniliklərdən söz açdı. İştirakçılara müvafiq e-mail ünvanı və vizit kartlar təqdim olundu.

“Karyera həftəsi” nin daha bir iştirakçısı- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Təlim və təhlil sektorunun müdiri Elçin Cəfərov “Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar” mövzusunda çıxış edərək, dövlət qulluğuna hazırlaşan və gələcəkdə peşə fəaliyyətini bu istiqamətə hədəfləyən tələbə və məzunlara dəyərli məsləhətlərini verdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İnsan resurslarının idarə edilməsi və təlim departamentinin “Könüllülərlə iş” şöbəsinin müdiri Solmaz Həsənovanın “Könüllü DOST proqramı” mövzusuna həsr olunan çıxışı tələbələr tərəfindən maraqla qarşılandı.

Təlimin sonunda tələbələrə müəssisə tərəfindən hədiyyələr, ƏƏSMN haqqında məlumat- bukletlər təqdim olundu.

ABB-nin sturuktur rəhbərləri- “Bazar əməliyyatları” şöbəsinin müdiri Hüseyn Sadıxov və “İşəqəbul və planlaşdırma” şöbəsinin müdiri Orxan Əliyev bank tərəfindən yaradılan təcrübə proqramları, iş imkanları, ABB-də çalışmağın üstünlükləri, həmçinin ABB Tech Academy, bankın likvid vəsaitlərinin idarə olunması, korporativ müştərilərə yeni məhsulların təqdimatı, valyuta mövqeyinin idarə olunması və s. barədə bəhs etdilər. İş təcrübələrini tələbələrlə bölüşdülər. Tələbələrin CV yazılması, uğurlu karyera qurmaq üçün tələb olunan səriştələrlə bağlı suallarını cavablandırdılar.

“Karyera həftəsi”nin gündəliyində yer alan təlimlərin sonunda ATMU və iştirakçı şirkətlər arasında təcrübə və iş imkanları, ustad dərsləri,həmçinin təlimlərin keçirilməsinə dair qarşılıqlı razılıq əldə olundu.

Təlimlərdə ATMU-nun “Karyera və kommunikasiya” şöbəsinin müdiri Səidə Məmmədova və mütəxəssis Lalə Qafarova ,“Biznes idarəçiliyi”, ”Turizm və qonaqpərvərlik”, ”Sosial menecment” fakültəsinin tələbə və məzunları iştirak ediblər.