SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
27.12.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 709
ATMU-da “Rəqəmsal Transformasiya sahəsində idarəetmə problemləri və perspektivlər” adlı konfrans baş tutdu

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Menecment kafedrasının təşkilatçılığı ilə “Rəqəmsal Transformasiya sahəsində idarəetmə problemləri və perspektivlər” adlı konfrans keçirilib.

Onlayn formatda reallaşan tədbirdə ABB-nin Xarici tərəfdaşların cəlb edilməsi və maraqların idarə edilməsi üzrə mütəxəssisi Nərgiz Cavadova, Azərbaycan Respublikasının Mərkəzi Bankının Milli Ödəniş Sisteminin inkişafı və nəzarəti şöbəsinin böyük mütəxəssisi Xəyaləddin Tağıyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azexport portalının rəhbəri Ayxan Qədəşov, Elektron Hökumətin inkişafı mərkəzinin tərəfdaşlarla iş və kommunikasiyalar departamentinin müdir müavini Xəyalə Fətullayeva iştirak ediblər.

İlk olaraq Xəyalə Fətullayeva “Rəqəmsal dövrdə dövlət xidmətləri: çağırışlar və nailiyyətlər” mövzusunda çıxış edərək rəqəmsal hökumət sahələri, elektron hökumətin informasiya sistemi, Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilən layihələr və s. barədə iştirakçılara ətraflı məlumat verdi. Ayxan Qədəşov isə “Rəqəmsal özünəməşğulluq imkanları” mövzusundakı çxışında e-ticarət, freelancer şəbəkələri, Azexport.az portalının fəaliyyəti və bu qəbildən olan digər məsələlərəmünasibət sərgilədi.

Nərgiz Cavadova “Rəqəmsallaşma istiqamətində ABB İnnovasiya Mərkəzinin fəaliyyəti və rəqəmsallaşmanın biznesdə praktiki tətbiqi” barədə çıxışında ABB İnnovasiya mərkəzi, “ABB Tech Academy” və digər mövzulara aydınlıq gətirdi.

“Rəqəmsal ödənişlərin ölkə iqtisadiyyatına təsiri” mövzusunda çıxış edən Xəyaləddin Tağıyev tədbir iştirakçılarını rəqəmsal ödənişlər üzrə infrastruktur imkanları, yaradılan şərait və s. məsələlərə toxundu.

“Rəqəmsal Transformasiya sahəsində idarəetmə problemləri və perspektivləri” mövzusuna həsr olunan onlayn konfrans iştirakçı suallarının cavablandırılması ilə başa çatıb.