SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
28.12.2021
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 884
ATMU əməkdaşları Türkiyədə keçirilən beynəlxalq elmi tədbirdə çıxış ediblər

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) “Biznes idarəçiliyi” fakültəsinin dekanı dos. Vüqar Nəzərov və “İqtisadiyyat” kafedrasının dos. əvəzi Camal Hacıyev Türkiyənin Antalya şəhərində “Elmi araşdırmalar və innovativ təhsil” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçısı olublar. İclası giriş sözü ilə İKSAD-in ( Sosial araşdırmalar və iqtisadi inkişaf institutu) prezidenti dr. Mustafa Lətif Əmək açaraq iştirakçıları salamladıqdan sonra institutun yaranma tarixinə aydınlıq gətirməklə yanaşı, fəaliyyət strategiyasından bəhs edib və konfrans iştirakçılarına uğurlar diləyib. Plenar iclasda Türkiyə Böyük Millət Məclisinin üzvü, səfir dr. Hasan Yavuz, Özbəkistanda İKSAD-in əlaqələndiricisi prof. Gülbahar Nişanova və AMEA-nın Mərkəzi Kitabxanasının direktoru prof. Məmməd Əliyev çıxış ediblər.

ATMU-nun dekanı Vüqar Nəzərov və dos. əvəzi Camal Hacıyev “Azərbaycanda müxtəlif iqtisadi sektorlar üzrə məşğulluğun iqtisadi artıma təsiri” məsələlərinə həsr olunan elmi məruzələrində Azərbaycanın üç müxtəlif sektorunda- sənaye, xidmət və kənd təsərrüfatında məşğulluğun iqtisadi artıma təsiri amilinin araşdırıldığını, son statistik məlumatlar, ekonometrik model əsasında reqresiya təhlilinin aparıldığını və yekun nəticələrin müsbət olduğunu diqqətə çatdırıblar.

Qeyd edək ki, Türkiyənin Antalya şəhərində ”Elmi araşdırmalar və innovativ təhsil” mövzusuna həsr olunan beynəlxalq elmi konfransda ABŞ, Rusiya, Polşa, Ukrayna, Gürcüstan, Özbəkistan və s. olmaqla dünyanın 25 ölkəsindən nümayəndə heyəti iştirak edib.

Tədbirin sonunda konfrans iştirakçıları ödül, sertifikatlarla mükafatlandırılıb. Xatirə şəkili çəkilib.