SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
05.01.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 83
ATMU-da qış imtahan sessiyası

05.01.2022-ci il tarixindən Azərbaycan Turizm və Menecment Universitetində 2021/2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

Rektor İlham Mədətov qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”-na, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair göstərişlər”-ə ciddi riayət olunur. Bundan başqa rektor şöbə müdirləri, dekanlar, müəllimlər, tyutorlarlar və nəzarətçilərlə görüşündə imtahanların şəffaf keçiriləcəyini, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağını bildirib. Təhsil Nazirliyinin müvafiq əmr və təlimatına əsasən ali təhsil müəssisəsində imtahan sessiyasının gedişinə nəzarət, tələbə və valideynlərin müraciətlərinin qəbulu, o cümlədən narazılıqların araşdırılması məqsədilə “İmtahan Qərargahı” onun nəzdində “Qaynar xətt”-in yaradıldığını diqqətə çatdırıb.

ATMU-dan verilən məlumatda bidirilir ki, akademik təqvimə müvafiq olaraq “Turizm və qonaqpərvərlik” fakültəsində bakalavriatura səviyyəsi üzrə 192 imtahan, magistratura səviyyəsi üzrə 81 imtahan, “Biznes idarəçiliyi” fakültəsində bakalavriatura səviyyəsi üzrə 103 imtahan, magistratura səviyyəsi üzrə 10 imtahan, “Sosial menecment” fakültəsində bakalavriatura səviyyəsi üzrə 126 imtahan, magistratura səviyyəsi üzrə 80 imtahan keçiriləcək. Dekanlıqlar tərəfindən həmçinin fənn və qruplara uyğun olaraq “Tələbənin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi cədvəli” tərtib edilmişdir.

Azəbaycan Turizm və Menecment Universitetində 1956 (1738+218) nəfər bakalavr və magistrantın iştirak etdiyi qış imtahan sessiyası fevral ayının 4-nə kimi davam edəcək. Sessiya imtahanları nəticəsində yarana biləcək narazılıqların mövcud qaydalar əsasında araşdırılması məqsədilə “Apelyasiya komissiyası” fəaliyyət göstərəcək. Qeyd edilən dövrdə valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” günü keçiriləcək.