SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
31.01.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 239
ATMU nümayəndəsi beynəlxalq tədbirdə çıxış edib

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova bu günlərdə Gürcüstanın Tiflis şəhərində keçirilən “Peşəkar Assosiasiya və Bilik Mübadiləsi vasitəsilə Azərbaycanda Ali Təhsilin Beynəlmiləlləşdirilməsinin Genişləndirilməsi” adlı beynəlxalq təhsil seminarında çıxış edib. Amerika Birləşmiş Ştatlarının Azərbaycan və Gürcüstan səfirliyi, ABŞ-ın Beynəlxalq Middlebury Beynəlxalq Elmlər İnsitutu və F. Qaçabəyovanın idarə heyətinin üzvü olduğu Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyasının (ABTMA) təşəbbüsü ilə keçirilən tədbir gündəliyə uyğun fəaliyyətini Bakıda davam etdirib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ABŞ səfirliyinin Azərbaycan nümayəndəliyi, Middlebury Beynəlxalq Elmlər İnsitutu, Azərbaycan Respublikası Təhsil İnstitutunun nümayəndələri və ABTMA-nın idarə heyəti Tiflisdə yerləşən dörd təhsil müəssisəsinə təşkil olunan kampus tura qatılıblar. Təhsil müəssisələrində beynəlmilləşmə sferasında fəaliyyət hədəflərilə tanış olublar.

Seminarda ATMU nümayəndəsi beynəlxalq təhsil modellərindən bəhs edərkən ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə son 15 il ərzində uğurla davam edən ikili diplom proqramı haqqında tədbir iştirakçılarını məlumatlandırıb və müştərək diplomların icrasında dayanıqlı inkişafa nailolma istiqamətində təkliflərini konkret faktlar əsasında diqqətə çatdırıb.

Bakıda keçirilən tədbirin davamında F.Qaçabəyova ali təhsilin beynəlmiləşməsi ilə əlaqədar Gürcüstan təcrübəsinin Azərbaycanda tətbiqi barəsində paneldə çıxış edərək bu sahədə ictimai vəkillik sisteminin vacibliyi, əcnəbi tələbələrin qəbulu üçün ali təhsil müəssisələri tərəfindən təklif olunan xidmətlərin təkmilləşdirilməsi, təhsil müəssisələrində çalışan əməkdaşların xarici dillə əlaqədar səriştələrinin inkişafı kimi məsələlərə aydınlıq gətirib.