SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
26.02.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 100
Xocalı soyqırım-XX əsrin faciəsi

Azərbaycan Turizm və Menecment Universitetində keçirilən hibrid tədbirdə Universitetin rektoru İlham Mədətov Xocalı soyqırımının insanlıq tarixinə kütləvi terror aktı kimi daxil olduğunu, 30 il əvvəl baş verənlərin detallı şərhini diqqətə çatdırıb. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı nəticəsində 613 nəfər amansızlıqla həlak olub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 155 nəfər itkin düşüb.

Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Dövlətimiz erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir. Bu baxımdan Heydər Əliyev Fondunun gördüyü işlər miqyasına görə xüsusilə diqqətçəkəndir. Bu ərəfədə “Xocalıya ədalət!”beynəlxalq məlumatlandırma kampaniyasına start verilib.

Rektor İ.Mədətov insanlığa qarşı törədilən cinayətin cəzasız qalmamasını, Ermənistanın hərbi-siyasi təcavüzünün dünya ictimaiyyəti tərəfindən ittiham edilməsini, Azərbaycan torpaqlarında törədilən Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymət verilməsini zamanın tələbi kimi dəyərləndirib.

Tədbirin qonağı,faciənin canlı şahidi,Dağlıq Qarabağ İcmasında media və kommunikasiya şöbəsində baş məsləhətçi Samirə Hüseynova 30 il əvvəl cinayətkar erməni- rus hərbi birləşmələri tərəfindən törədilən dəhşətli saatlardan danışdı.O zaman 12 yaşı olan Samirənin görüb-yaşadıqları hansısa bədii əsər qəhrəmanının deyil, ailə üzvlərini, yaxın qohum-əqrabasını itirən canlı şahidin ürək dağlayan acı həyat hekayəsi idi.

.ATMU-nun İctimai fənlər kafedrasının professorları Məhərrəm Zülfüqarlı və Minəxanım Əsədli Xocalı faciəsinin insanlığa maddi-mədəni və mənəvi sərvətlərimizə qarşı vandal münasibətlərini konkret faktlar əsasında isbatladılar.

Tədbir zamanı müəllifi Etibar Əsədlinin olduğu Xocalıya həsr olunan “613” adlı klip və Xocalı faciəsi zamanı erməni vandalizmini əks etdirən videomateriallar nümayiş olundu.

Qeyd etmək lazımdır ki,“Xocalı soyqrımının otuzuncu ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Təhsil naziri E.Əmrullayevin 14 fevral 2022-ci il tarixli F-81 nömrəli məktubu və ATMU rektoru İ.Mədətovun uyğun əmrinə əsasən ali təhsil müəssisəsində bir sıra tədbirlər təşkil olunub. Universitetdə Xocalı faciəsini əks etdirən xüsusi guşə yaradılıb. Sənədli və

bədii əsərlərdən ibarət kitab sərgisi fəaliyyətə başlayıb. Bütün qruplarda ilk dərslər əsrin faciəsi – Xocalı qətlamına həsr olunub. ATMU-MEDİYA-da gün ərzində Xocalı faciəsini əks etdirən foto-fakt yayınlanır.

Fevralın 26-da Xocalı soyqrımının 30-cu ildönümü ilə bağlı keçiriləcək Ümumrespublika yürüşünə Azərbaycan Turizm və Menecment Universitetinin professor - müəllim,inzibati və tələbə heyəti də qatılacaq.