Martın 31-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) azərbaycanlılara qarşı erməni soyqırımı ilə bağlı tədbir keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ATMU-nun rektoru İlham Mədətov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin “Böyük Ermənistan” adlı qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara qarşı törədilən qətliam və soyqırımı aktlarının reallaşması ilə nəticələndiyini, qanla yazılan tarixin zaman-zaman təkrarlandığını detallı faktlarla isbatladı.Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılması məqsədilə Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətə başlamasını, 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilməsini azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət cəhdi kimi dəyərləndirdi.
1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın proqram sənəd olduğunu deyən İ.Mədətov martın 31-nin siradan bir gün deyil, ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü səviyyəsində tarixləşdiyini diqqətə çatdırdı.
ATMU-nun İctimai fənlər kafedrasının professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı və adıkeçən kafedranın müəllimi Cəfər Xanəliyev günün mövzusu ilə bağlı çıxışlarında qeyd ediblər ki, ötən əsrin əvvəllərində imperialist dairələrin birbaşa dəstəyi,həmçinin təşkilatçılığı ilə silahlı erməni millətçiləri və daşnak birləşmələri tərəfindən Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və sair bölgələrdə ağlagəlməz qətlamlar törədilib. Yaşına, cinsinə,dininə və hansı millətdən (ermənilər nəzərdə tutulmur) olmasının fərqinə varmadan minlərlə soydaşımız qəddarlıqla öldürülüb. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan,uşaqlardan,yaşlılardan ibarər 3 min nəfərlik azərbaycan köçü pusquya salınaraq məhv edilib. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlının qətlə yetirilməsi də sıradan bir fakt deyil. Professor M.Zülfüqarlı və C.Xanəliyev daha sonra qeyd ediblər ki Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərancamı ilə Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqrımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba “Soyqrımı Memorial Kompleksi” inşa edilib. Deməli, Quba şəhərində tapılan kütləvi məzarlıq insanlığa qarşı törədilən vəhşiliklərin sükutla anıldığı tarixi ibrət məkanıdır,- desək yanılmarıq.