SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
10.05.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 142
“Beynəlxalq Turizm, Menecment və Mədəniyyət” mövzusunda tədbir olub

Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin tabeliyində və Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyət dairəsində olan “İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutu”nun, Azərbaycan Turizm və Menecment Universitetinin ev sahibliyi və ATMU-nun Biznes idarəçiliyi fakultəsinin təşkilatçılığı ilə “Beynəlxalq Turizm, Menecment və Mədəniyyət” (İnternational Conference on Tourism, Management and Culture) adlı onlayn və oflayn şəkildə beynəlxalq konfrans keçirilmişdir.

Konfransa dünyanın 50-dən çox ölkəsindən göndərilmiş toplu maillər, məqalə və tezislər qəbul edilmiş, proqramların hazırlanması və məqalələrin çap edilməsi, müəlliflərlə əlaqə ATMU və İKSAD-ın təşkilat komitəsi tərəfindən həyata keçirilmişdir. Konfransı giriş sözü ilə ATMU-nın tədris işləri üzrə prorektoru prof. Zaur Bağırov açaraq qonaqları salamladı və konfransın mövzusunun əhəmiyyəti və aktuallığı barədə geniş məlumat verdi. Daha sonra İKSAD-ın prezidenti Dr. Mustafa Lətif Emek dəvət üçün ATMU-nun rəhbərliyinə təşəkkürünü bildirərək gələcəkdə belə səviyyəli konfransların daha geniş tərkibdə keçirilməsinin məqsədəuyğun olduğunu söylədi. Konfransın digər iştirakçılarından ATMU-nun Elm və innovasiya şöbəsinin müdiri dos. Nəsrullah Nəsirli, Biznes idarəçiliyi fakultəsinin dekanı dos. Vüqar Nəzərov, İqtisadiyyat kafedrasının müdiri dos. Səkinə Hacıyeva və başqaları çıxış edərək turizm, menecment və mədəniyyətin istənilən ölkənin vacib dəyərləri olduğunu vurğuladılar. Ölkə prezidentinin bu dəyərlərə xüsusi önəm verdiyini qeyd etdilər.

Eyni zamanda Azərbaycanın dünyada böyük bir nüfuz qazandığını, artıq neçə illərdi ki, ölkəmizin mötəbər yarışlara, konfranslara ev sahibliyi etdiyi bildirildi. Konfransdan bir neçə gün öncə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi və Zəfər qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı müstəsna hal kimi qiymətləndirilərək diqqətə çatdırıldı.

Beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında, son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirilməsində Qurultayın mühüm rol oynadığı xüsusi vurğulandı. Konfrans sonda iştirakçıların mükafatlandırılması və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.