SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
11.05.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 156
ATMU-da Ulu Öndərə həsr olunan tədbir keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbir olub. ATMU-nun rektoru İlham Mədətov Ulu Öndərin elm, təhsil, mədəniyyət sahələrinin dinamik inkişafındakı əvəzolunmaz rolundan, Müasir Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə əsası qoyulan geniş miqyaslı islahatların ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyindən bəhs edib. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycanın vaxtilə Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sadiqliyi faktına aydınlıq gətirib. Rektor İ.Mədətov öz çıxışında qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdə ən düzgün çıxış yolu tapan müdrik rəhbər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

Ümummilli lider Heydər Əliyevin xalqı və dövləti üçün gördüyü işlərdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsindəki xidmətlərindən söz açan ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri, İctimai fənlər kafedrasının professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı müasir müstəqil Azərbaycanı Ulu Öndərin şah əsəri adlandırıb. Fenomen şəxsiyyətin mükəmməl idarəetmə bacarığına malik olduğunu, xalqın və dövlətin problemlərinə həssaslıqla yanaşdığını bildirib. ATMU-nun Elm və inkişaf məsələləri üzrə prorektoru, pedaqoji elmlər doktoru, professor İranə Əliyeva Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan “Xalq öz dili ilə yaranır” adlı yeni kitabını təqdim edib. Rus və ingilis dillərində çap olunan kitabda Heydər Əliyevin dəyərli ifadələri yer alıb. “Xalq öz dili ilə yaranır” kitabının elmi redaktoru, Universitetin Dillər kafedrasının dosenti, filologiya elmləri namizədi Ağaverdi Xəlilov çıxışı zamanı Azərbaycan xalqının dövlətçilik şüurunun, bütöv bir idarəçilik məktəbinin, eyni zamanda müasir ictimai-siyasi fikrin ulu öndərin siyasi obrazında böyük inkasını diqqətə çatdırıb. ATMU-nun Biznes idarəçiliyi fakültəsinin dekanı, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Vüqar Nəzərov Müasir

müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən bəhs edib. Ümummilli Liderin qəlblərdə və hafizələrdə daim yaşayacağını deyib.