SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
17.06.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 131
ATMU nümayəndələri Avstriyanın IMC Krems universitetinin International Staff Week həftəsində

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) nümayəndələri- Beynəlxalq əlaqələr şöbəsinin proqram direktoru Elmira Fərzəliyeva, Tədris-metodiki şöbənin koordinatoru Fikriyyə Məmmədova və Turizm və qonaqpərvərlik fakültəsinin tyutoru Zeynəb Orucova Avstriyanın Krems şəhərində IMC Krems Universitetinin Erasmus+ grant layihəsi çərçivəsində təşkil olunan “International Staff Week” həftəsində iştirak ediblər. Qeyd edim ki, ATMU adıçəkilən universitet ilə artıq 15 ildir ki, ikili diplom layihəsi çərçivəsində əməkdaşlıq edir. Təlimdə Azərbaycandan başqa partnyor universitetlərin, eləcə də Avropa ölkələri universitetlərinin nümayəndələri iştirak ediblər. Təlimin əsas məqsədi “ IMC International Staff Week” layihəsi çərçivəsində müxtəlif ölkə universitetlərinin və mübadilə üzrə əməkdaş universitetlərin nümayəndələri arasında bilik və təcrübə mübadiləsindən ibarət olub.

Təlimlərdə ali təhsil sisteminin keyfiyyətli idarəolunması üçün lazımi mövzulara diqqət yetirilib. Belə ki, təlimin gündəliyinə uyğun olaraq IMC Krems universitetinin akademik direktoru Professor, Dr. Martin WAIGUNY başda olmaqla pedaqoji heyəti və departament rəhbərləri tərəfindən “Ali təhsildə didaktika”, “Bakalavr və magistr işlərinə rəhbərlik və qiymətləndirmə”, “Tədqiqat işinin aparılması”, “AACSB-Akkreditasiya”, “Keyfiyyət menecmenti”, “Mübadilə proqramı çərçivəsində qəbul proseduru” və “Ali təhsil sistemində marketinq” kimi mövzulara toxunulub. Təlimlər interaktiv formada keçirilib və digər universitet nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb.

Səfər çərçivəsində təlimin qeyri-rəsmi hissəsi də unudulmayıb. Belə ki, təşkilatçılar tərəfindən iştirakçılara Kremsin üzüm bağlarına və Avropanın ikinci ən uzun çayı olan Danube-yə, eləcə də Krems və Melk şəhərləri arasında yerləşən Wachau vadisinə ekskursiya təşkil olunub.

Təlimin sonunda universitetin icraçı direktoru Prof. Dr. Karl Ennsfellnerin rəhbərliyi ilə iştirakçılara sertifikat təqdim olunub.