SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
16.06.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 146
ATMU-da “Açıq qapı” günü

2021/2022-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyası ərzində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Azərbaycan Turizm və Menecment Universitetində İmtahan Qərargahı yaradılıb. Qərargah sədri rektor İlham Mədətov, sədr müavinləri prorektorlar Zaur Bağırov və İranə Əliyevadır. İmtahan Qərargahına Milli Məclisin üzvü Musa Qasımlı, DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov, AMEA-nın nəzdində Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, “Skal İnternational Baku”nun prezidenti Ceyhun Aşurov, Milli QHT forumunun Turizm İnkişaf Mərkəzinin rəhbəri Ruslan Quliyev, KİV nümayəndələri, ATMU-nun TGT sədri Rəşid Məmmədov və valideynlər daxildir. Cari tədris ilinin yaz semestrinin yay imtahan sessiyası ənənəvi formada təşkil olunub. 

ATMU-da 2021/2022–ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının gedişini izləmək məqsədilə keçirilən “Açıq qapı” günündə ali təhsil müəssəsəsinin rektoru İlham Mədətov  iştirakçıları salamladıqdan sonra “elmin incəliklərinə bələd olmaq, seçdiyi peşənin gələcəkdə layiqli mütəxəssisi olmaq üçün elmi biliklərə yiyələnməyin əsas meyar olduğunu” diqqətə çatdırdı.  İmtahanlarda səffaflığı qorumaq, neqativ hallara imkan verməmək üçün Qərargaha daxil olan hər bir şikayətin, imtahanların təşkilində və gedişində baş verən nöqsanların operativ aradan qaldıralacağını dedi. Qiymətləndirilməsindən narazı olan tələbələr üçün Universitetdə fəaliyyət göstərən Apelyasiya Komissiyasının tərkibinə Aynur Bağırlı, Orxan Musa və Ayan Abbasovanın daxil edidiyini və Qərargahın qaynar xəttinin gün ərzində açıq olduğunu bildirdi. Milli Məclisin üzvü, AMEA-nın müxbir üzvü Musa Qasımlı isə tələbələrə imtahanda uğurlar arzuladı.

Qeyd etmək lazımdır ki, ATMU-da 3 fakültə fəaliyyət göstərir. Bakalavriatura səviyyəsində 46 qrup üzrə 1043-ə yaxın tələbə, magistratura səviyyəsində isə 10 ixtisaslaşma üzrə 119 nəfər imtahan verəcək. Müxtəlif səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün 2022-ci il iyun ayının 30-dan iyul ayının 1-dək şərait yaradılacaq. 28 iyunda isə buraxılış qrupları üçün Yekun Dövlət Attestasiyasının keçirilməsi nəzərdə tutulub. Müvafiq olaraq magistr dissertasiya işlərinin müdafiəsi iyun ayı ərzində qrafikə uyğun təşkil olunacaq.

İmtahan sessiyası Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 2022-ci il 19 may tarixli müvafiq əmrinin tələblərinə uyğun olaraq Tədrisdə qiymətləndirmə şöbəsi tərəfindən, o cümlədən, dekanlıq və kafedra nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Yaz semestrinin yay imtahan sessiyası iyunun sonunadək davam edəcək.