SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
31.10.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 180
Azərbaycan Turizm və Menecment Universitetinin dekanı Beynəlxalq konfransda iştirak etmişdir

Qazaxıstan Respublikasının qədim Türküstan şəhərində oktyabrın 26-28 də "Abidələri qoruyan xalq" adlı dini və dayanıqlı turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Konfrans vilayət Hakimiyyətinin, Qazaxıstanın UNESCO və İSESCO üzrə Milli Komissiyasının, Beynəlxalq Turizm və Qonaqpərvərlik Universitetinin, Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazaxıstan-Türkiyə Universitetinin, Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun, “Həzrət Sultan” Dövlət Tarix-Mədəniyyət Qoruğunun, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə keçirilmişdir.

Türküstandakı Rixsos hoteldə keçirilən açılış mərasimində UNESCO-nun Almatıdakı Klaster Bürosunun direktor əvəzi Maqnus Maqnusson, TÜRKSOY-un baş katibi Sultan Rayev, Türküstanın vilayət hakimi Darhan Satıbaldı, Beynəlxalq Türk Akademiyasının prezident əvəzi Füzuli Məcidli, Qazaxıstan Prezidenti Administrasiyasının daxili siyasət şöbəsinin müdiri Bolat Tilepov, Özbəkistanın turizm və mədəni irs nazirinin müşaviri Temur Mirzayev və digərləri çıxış etmişlər.

Açılış mərasimindən sonra konfrans öz işini bölmələrdə davam etdirmişdir. Konfransın işində Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və qonaqpərvərlik fakültəsi”nin dekanı dosent Bahadur Bilalov da iştirak etmişdir. O, konfransın ikinci iş günündə "Azərbaycanda dini turizm obyektləri" mövzusunda məruzə etmiş, sonra isə yerli KİV-lər üçün müsahibə vermişdir. Konfransın işində iştirakına görə Bahadur Bilalov Türküstandakı Beynəlxalq turizm və Qonaqpərvərlik universitetinin rektoru tərəfindən diplomla təltif edilmişdir.

Konfransın sonunda “Müqəddəs obyektlərdə davamlı turizmin inkişafı” adlı Türküstan Bəyannaməsi qəbul edilmişdir.