SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
28.11.2022
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 121
VII Respublika Elmi-Praktik Konfransı keçirilib

2022-ci il noyabr ayının 25-də Azərbaycan Turizm və Menecment Universitetində “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda VII Respublika Elmi-Praktik Konfransı keçirilmişdir. Tədbiri çıxış nitqi ilə açan Universitetin rektoru İlham İsa oğlu Mədətov konfrans iştirakçılarını salamlayaraq, ilk öncə onu qeyd etdi ki, “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə effektiv idarəetmənin inkişafı istiqamətində aparılan tədqiqat işləri çərçivəsində idarəetmənin mükəmməl modelinə nail olmaq, elmi tədqiqatların tətbiqi mexanizmini hazırlamaq, müxtəlif sahələrin idarə edilməsinin əsas mexanizmlərinin dövlətçiliyin inkişafına xidmət üsullarını müəyyənləşdirməkdir. İdarəetmə sisteminin müasir tələblərə cavab verən formada həyata keçirilməsini təmin etmək üçün peşəkar rəhbərliyin üç başlıca şərtinə əməl etmək zəruridir: yüksək idarəetmə orqanlarının göstərişi nəzərə alınmaqla bütün sərəncamları, onların yerinə yetirilməsi müddətini və bu iş üçün məsul qurumun müəyyənləşdirilməsi; hər hansı bir göstəriş və sərəncamın vaxtında yerinə yetirilməsi üçün müəyyən edilmiş müddətə dəqiq yerinə yetirilməsinə nəzarət edilməli, nəzarətdə heç bir güzəştə yol verilməməli və nəzarət idarəetmə texnologiyasının zəruri elementinin nəzərə alınması; əhəmiyyətindən asılı olmayaraq həyata keçirilən hər bir işin təhlil edilməsi və qiymətləndirilməsi.

Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada idarəetmə sahəsində bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox layihələr həyata keçirilməkdədir.

 

Universitetin “Elm və innovasiya şöbəsi” nin müdiri, f-r.e.n.,dos. Nəsirulla Beytulla oğlu Nəsirli “Azərbaycanda müalicə-sağlamlıq turizminin potensialı və perspektivləri” mövzusunda çıxışı ilə qeyd etdi ki, sağlamlıq turizmi dünya turizminə hər il milyonlarla dollar vəsait gətirir. Buna görə də dünyada sağlamlıq turizmi sahəsində sürətli bir irəliləyiş və bu irəliləyiş böyük bir bazar yaratdı və bir çox ölkələr bu bazardan pay almaq üçün bir-biri ilə rəqabətə başladılar. 2015-ci il üçün sağlamlıq ilə əlaqəli səyahət xərclərinin təhlili göstərir ki, bu sahədə inkişaf etmiş ölkələrin vətəndaşları üstünlük təşkil edir. Beynəlxalq sağlamlıq turizmində ABŞ, Kanada, Qərbi Avropa ölkələri və Körfəz ölkələrinin vətəndaşları üstünlük təşkil edib. Bu da həmin ölkələrin vətəndaşlarının maliyyə imkanlarının daha yaxşı olması, tibbi və sağlamlıq xidməti almağa meyl etməsi ilə bağlıdır. ÜTT-nin verdiyi məlumata görə, 2018-ci ildə ABŞ-da sağlamlıq turizmi gəlirləri 22,5 milyard dollar, Avropada 54,2 milyard avro olduğu müəyyən edilib. Macarıstan və Çexiya kimi ölkələr bu sektordan 1 milyard dollardan çox gəlir əldə edib. Avropa Birliyi ölkələrində turizm gəlirlərinin 5,8%-i, Amerikada 9,2%-i, Asiyanın bütün subregionları üzrə 5,6%-i sağlamlıq turizminin payına düşür. Sağlamlıq turizmi digər sektorlarla qarşılıqlı şəkildə inkişaf edir və bu sahədə yatırımlar edilməsi ilə ölkə iqtisadiyyatında irəliləyişlər əldə olunur.

Həmçinin plenar iclasda Azərbaycan Turizm və Menecment Universitetinin professoru Məhərrəm Zülfüqarlının “Sovet idarə sisteminin antihumanist mahiyyəti (1920-1921-ci illər) ” mövzusunda çıxış edərək vurğuladı ki, Sovet hakimiyyətinin mahiyyətini Azərbaycan İnqilab Komitəsinin 1920-ci ilin mayından 1921-ci ilin mayına kimi qəbul etdiyi 368 dekretdə açıq aydın görmək olar. Bu dekretlər işğalçı rejimin Azərbaycanda möhkənlənməsinə xidmət edirdi. İşğal nəticəsində ağır iqtisadi və siyasi böhranla üzləşən Azərbaycanda vəziyyəti düzəltmək üçün səmərəli addımlar atmaq əvəzinə bolşeviklər əhalini daha çox istismar etmək, onları pulsuz işləməyə məcbur etmək üçün yeni üsullar axtarırdılar ki, bunlardan da biri kommunist iməcilikləri idi. Bolşeviklər kommunist iməciliklərində insanların könüllü işlədiklərini iddia etsələr də bunlar reallığı əks etdirmirdi. Sovet rejimi Azərbaycan əhalisi arasında vətəndaş müharibəsini alovlandırmaqla öz siyasətini yeritməyə çalışırdı.

Ardıcıl olaraq, konfrans bölmə iclaslarıyla işini davam etmişdir. Konfransın gündəliyinə 56 məruzə daxil edilmişdir. Məruzələr əsasən “Sosial və xidmət sahələrinin idarə edilməsi problemləri”; “İdarəetmənin müasir problemləri”, “İdarəetmədə milli dəyərlər” bölmələri üzrə mövzuları əhatə edir.

Bölmə iclaslarında Azərbaycan Turizm və Menecment Universitetinin Turizm biznesi kafedrasının müdiri dosent Hafiz Hüseynovun “Quba-Xaçmaz iqtisadi rayonunda tarixi-mədəni abidələrin turizmdə istifadə imkanlarının müəyyənləşdirilməsi”, “Dillər” kafedrasının müdiri dosent Əzizə Məmmədovanın “Naxçıvan iqtisadi rayonunda mineral sular”, dosent Xumar Vahabovanın “Naxçıvan bölgəsinin təbiət abidələri”, Anadolu Universitetinin professoru Məryəm Akoğlan Kozak və magistrantı Vüqar Nərimanbəyli “Turizm sektorunda çalışanların şəxsiyyət xüsusiyyətlərinin müəyyən edilməsində yeni bir yanaşma: Enneagram”, mövzularında məruzələri və digərlərinin çıxışları onlayn formada konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.