SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
17.01.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 171
ECAR layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin ilk iclası keçirilib

Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin ilk iclası keçirilib. Toplantı layihənin koordinatoru Bakı Biznes Universitetinin təşkilatçılığı ilə onlayn formatda keçirilib.

Komitə üzvləri ilə tanışlıq, sahə üzrə ilkin müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, həmçinin idarə heyəti və sədrinin seçilməsi qaydaları iclas zamanı müzakirə olunan əsas mövzular olub. Daha sonra tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edilib.

İclas gedişində 5 nəfərin namizədliyi idarə heyətinin sədri vəzifəsini tutmaq üçün irəli sürülüb.

60.0% səs çoxluğu ilə Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru iqtisad üzrə fəlsəfə doktoru, dos. Elçin Süleymanov idarə heyətinin sədri seçilib.

Daha sonra sədr müavini vəzifəsini tutmaq üçün səsververmə keçirilib. Lənkəran Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru biologiya üzrə fəlsəfə doktoru, dos.Elvin Əliyev və Azərbaycan Texniki Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, texnika elmləri doktoru, professor, əməkdar müəllim Sübhan Namazov sədrin müavinləri seçiliblər.

Qeyd edilməlidir ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində 5 komitənin – Beynəmiləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə , Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub.

Dos. Elçin Süleymanov TC Dokuz Eylül Universitetidə Maliyyə ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Nazirlər Kabineti Nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda Biznesin təşkili və idarə olunması ixtisası üzrə magistr, Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə dokrorantura pillələrində təhsil almışdır. 1996-2000-ci illərdə İqtisad kollecində ixtisas fənnləri müəllimi və müdir müavini, 2000-ci ildən müxtəlif ali məktəblərdə müəllim və baş müəllim olaraq fəaliyyət göstərmişdir. 2017-ci ilin fevral ayından Bakı Mühəndislik Universiteti İqtisadiyyat Fakültəsi, Maliyyə kafedrasının müdiri işləmişdir. Azərbaycan Respublikası Təhsil Nazirinin müvafiq əmri ilə 18 dekabr 2017-ci ildən Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektorudur.

Bir dərslik, beş dərs vəsaiti və dörd monoqrafianın həmmüəllifidir. 2014-2015 tədris ilində bir semestr Niderland Krallığının Groningen Universitetində, 2018-ci ildə bir semestr ABŞ-da University of Maryland , College Park-da təlim və tədqiqat məqsədi ilə elmi ezamiyyətdə olmuşdur. 2015-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu və Dünya İqtisadi Tədqiqatı kimi bir sıra mötəbər qurumun ekspertidir.

16 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən ilk dəfə keçirilən “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi

çərçivəsində ”2016-cı ilin alimi” mükafat müsabiqəsində Humanitar və ictimai elmlər sahəsinin əsas nominasiya üzrə qalibi olmuş, xüsusi hazırlanmış adlı medal və diplom təqdim olunmuşdur. 1-3 sentyabr 2021-ci il tarixlərində Şimali Kipr Türk Respublikasında keçirilən VII. Beynəlxalq TURKCESS konqresində konfrans təşkilatçılarının qərarı ilə Türk Dünyası ilə əlaqədar çoxsaylı tədqiqatlarından dolayı "Türk Dünyasına Xidmət Mükafatı" təqdim edilmişdir. Məqalələri Renewable and Sustainable Energy Reviews, Economic Modelling ,Economies, Expert Journal of Economics, Academic Journal of Economic Studies kimi impact factorlu elmi jurnallarda nəşr olunmuşdur. Eyni zamanda dos. Elçin Süleymanov Web of Science və Scopus sisteminə daxil edilən iyirmiyə yaxın elmi jurnalın resenzisti olaraq səksəndən çox məqalənin rəyçisi olmuşdur.

 

Professor Sübhan Namazov 2002-ci ildən etibarən Azərbaycan Texniki Universitetində həyata keçirilən TEMPUS və Erasmus+ proqramları çərçivəsində icra edilən təhsil və tədiqiqat layihələrində aktiv iştirak etmişdir. Bunların sırasında NİZAMİ, CRENG, UNİCLAD, ECAR Erasmus+KA2 layihələrinin universitet üzrə koordinatoru, LMQS ERASMUS+KA2 layihəsinin fəal iştirakçısıdır.

O, AzTU-nun beynəlxalq əlaqələrinin inkişafına əsaslı tövfə vermişdir. Onun rəhbəriyi ilə bir neçə ixtisas üzrə təhsil proqramları Avropa təhsil proqramlarına uğurla uyğunlaşdırılmış və universitetdə yeni müasir ixtisaslar açılmışdır. AzTU-nun Gazi Universiteti və Ankara Universiteti, Almaniyanın Brandenburq Texniki Universiteti ilə ikili diplom layihələrinin təşkilində və həyata keçirilməsində aktiv şəkildə iştirak edir. Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində AzTU-nun 3 ixtisas üzrə pilot təhsil proqramlarının hazırlanmasına bilavasitə rəhbərlik etmişdir.

Professor Sübhan Namazov 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Elm-Təhsil İnteqrasiya Qtrant layihəsinin qalibi olmuş və layihə rəhbəri olaraq layihəni uğurla başa çatdırmışdır. O, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişaf” Qrant müsabiqəsinin qalibi olan layinənin koordinatoru olmuş və layihə uğurla başa çatdırılmışdır.

Sübhan Namazov respublikada ali təhsil sahəsində çoxsaylı komissiyalara sədr və üzv olaraq töhvə vermiş, həmçinin Azərbaycan və Türkiyə universitetlərinin akkreditasiyası proseslərində yaxından iştirak edir. 2018-2020-ci illərdə Avropa Ali Təhsil Ekspertlər qrupunun üzvü olmuşdur. Onun elmi rəhbərliyi ilə 6 nəfər fəlsəfə doktoru hazırlanmışdır.

Professor Sübhan Namazov 2001-2002-ci illərdə Almaniyanın DAAD təqaüdünü qazanaraq Almaniyanın Aaxen Texniki Universitetində qonaq-tədqiqatçı olaraq çalışmış, müxtəlif vaxtlarda Almaniyanın 10-dək universitetlərində yenidən təcrübə mübadiləsində iştirak etmiş, müsbət təcrübənin AzTU-ya tətbiqinə nail olmuşdur.

Sübhan Namazov 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar müəllim fəxri adına, 2011-ci ildə “Qabaqcıl Təhsil İşçisi” döş nişanına layiq görülmüşdür.

 

Elvin Əliyev bakalavr təhsilini Türkiyə Respublikasının Kars Kafkas Dövlət Üniversitetində almış və 2010 - cu ildə Univesitetin Biologiya bölümündən fərqlənmə ilə məzun olmuşdur. Həmin il Türkiyə Respublikası Atatürk Üniversiteti Tibb Fakultəsinə daxil olmuş və 2012 - ci ildə Tibbi biokimya ixtisası üzrə “Qalxanabənzər vəzi (Tiroid) xəstəliyi” mövzusunda magistratura işini müdafiə etmişdir. 2012 - ci ildə Atatürk Üniversiteti Tibb Fakultəsinin doktorantura pilləsinə daxil olmuş və 2015 - ci ildə Tibbi biokimya ixtisası üzrə “İnsan bədxassəli xərçəng xəstəliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Fəlsəfə Doktoru (Ph.D) alimlik elmi dərəcəsi almışdır. Uzun müddət Türkiyə Respublikasının Universitet və xəstəxanalarında ixtisası üzrə fəaliyyət göstərmiş, Atatürk Üniversiteti Tibb Fakultəsi Tibbi Biokimya kafedrasında teorik və pratik dərslər tədris etmiş və bir çox Elmi-Tətqiqat layihələrində çalışmışdır.

Elvin Əliyev 2015-2016-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sağlam Ailə” Tibb mərkəzində, Milli Elmlər Akademiyası Genetika İnstitutunda ilk dəfə yaradılan İnsan genetikası bölməsinin rəhbəri vəzifələrində, 2016-cı ildən etibarən Lənkəran Dövlət Üniversitetinin Elmi Katibi, Elm şöbəsinin müdiri, kafedra müdiri, Tədqiqat işləri və innovasiya üzrə prorektor vəzifələrində çalışmışdır. Beynəlxalq və Respublika səviyyəli bir sıra jurnallarda nəşr olunan elmi əsərlərin müəllifidir və impact factorlu əsərlərinə dünya üzrə yüzlərcə istinad verilmişdir. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona dosent elmi adı verilmişdir.

Xərçəng xəstəliyi istiqamətində Elmlər Doktorluğu proqramı üzrə tədqiqat aparmaqdadır.