SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
09.02.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 297
ECAR layihəsi çərçivəsində "Strateji insan resurslarının idarə olunması" tədris proqramının açılış mərasimi olub

Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyasının maliyyələşdirdiyi “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində "Azərbaycan HR İnstitutu" tərəfindən keçirilən "Strateji insan resurslarının idarə olunması" tədris proqramının açılış mərasimi baş tutdu. ECAR layihəsinin tərəfdaşı Azərbaycan Turizm və Menecment Universitetinin ev sahibliyi ilə keçirilən tədbirdə Universitetin tədris işləri üzrə prorektoru f.ü.e.d. Prof. Zaur Bağırov hazırda idarəetmənin mühüm halqalarından birinin insan resursları olduğunu bildirdi. O, bu istiqamətdə Ali təhsil müəssisələrinin əməkdaşlarının beynəlxalq sertifikasiya proqramında iştirak etməsinin əhəmiyyətini yüksək qiymətləndirdiyini bildirərək iştirakçılara uğurlar arzu etdi.

Daha sonra ECAR layihəsinin koordinatoru, Bakı Biznes Universitetinin Universitet-sənaye əməkdaşlığı şöbəsinin müdiri Gülşən Bayramova çıxış edərək ECAR layihəsinin əsas məqsədlərindən birinin Ali təhsil Müəssisələrinin idarəetmə bacarıqlarının inkişafı olduğunu nəzərə alaraq İnsan resurslarına dair təlimlərin təşkilinə xüsusi önəm verildiyini vurğuladı.

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov ölkəmizdə insan kapitalının inkişafı, ali təhsildə idarəetmənin təkmilləşdirilməsi, strateji insan resurslarının idarəedilməsinin təşkili və bu istiqamətdə innovativ yanaşmaların vacibliyini bildirdi.

Qeyd olunmalıdır ki, Azərbaycan HR İnstitutunun təlimçisi Fəzilə Əsgərova tərəfindən baş tutacaq "Strateji insan resurslarının idarə olunması” tədris proqramı " toplam 6 modul (İstedadların cəlb olunması, HR Əməliyyatlar, Öyrənmə və İnkişaf, İstedadların idarə olunması, Ölçmə və Analitika, Biznes Liderlik ) olmaqla ümumilikdə 20 saat müddətində təşkil olunacaq.

Azərbaycan HR İnstitutu tərəfindən həyata keçirilən tədris proqramında Azərbaycanın layihə tərəfdaşı olan 16 Ali təhsil müəssisəsindən 18 nəfər iştirak edir və məqsəd ali təhsil müəssisələrində insan resursları idarəedilməsinin təkmilləşdirilməsidir.