SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
31.03.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 299
ATMU-da 31 mart soyqırım qurbanları anıldı

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 1918-ci ildə azərbaycanlılara qarşı ermənilərin həyata keçirdiyi soyqırımı ilə bağlı təşkil edilən tədbirdə öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ATMU-nun rektoru İlham Mədətov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin “böyük Ermənistan” adlı qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara qarşı törədilən qətliam və soyqırımı aktlarının zaman-zaman təkrarlandığını bildirib. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılması məqsədilə Fövqəladə Təhqiqat Komissi-yasının fəaliyyətə başlamasını, 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilməsini azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət cəhdi kimi dəyərləndirib.

1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın proqram sənəd olduğunu deyən İ. Mədətov martın 31-nin ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü səviyyəsində tarixləşdiyini diqqətə çatdırıb.

ATMU-nun ictimai fənlər kafedrasının professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı günün mövzusu ilə bağlı çıxışında qeyd edib ki, ötən əsrin əvvəllərində imperialist dairələrin birbaşa dəstəyi, həmçinin təşkilatçılığı ilə silahlı erməni millətçiləri və daşnak birləşmələri tərəfindən Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və sair bölgələrdə ağlagəlməz qətliamlar törədilib. Yaşına, cinsinə, dininə və hansı millətdən (ermənilər nəzərdə tutulmur) olmasının fərqinə varmadan minlərlə soydaşımız qəddarlıqla öldürülüb. Rektor İ. Mədətov və professor M. Zülfüqarlı daha sonra qeyd ediblər ki, Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərancamı ilə Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqrımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba “Soyqrımı Memorial Kompleksi” inşa edilib.

ATMU-nun Tələbə Gənclər Təşkikatının sədri Samir Abdullayev və Tələbə Elmi Cəmiyyətinin sədri Rəşad Süleymanov isə qanlı tariximiz-31 mart soyqırımının gənc nəslin yaddaşına həkk olunmasında müvafiq tədbirlərin təşkilinin əhəmiyyətinə münasibət bildiriblər.