SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
03.05.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 291
ATMU-da “Hüseyn Cavid-140” adlı tədbir olub

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ədəbiyyatımızın görkəmli nümayəndəsi, filosof-şair Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr olunan tədbir keçirilib. Universitetin Dillər kafedrasının təşkilatçılığı ilə baş tutan tədbirdə ATMU-nun rektoru İlham Mədətov böyük dramaturq, ədəbiyyat tarixində romantizm cərəyanının ən qüdrətli simalarından biri-Hüseyn Cavidin həyat və yaradıcılığından, türk dünyasındakı əvəzsiz xidmətindən bəhs edib. Gəlimli-gedimli dünyada hər zaman minnətlə anılacaq H.Cavid şəxsiyyətinin əbədi yaşayacağını deyib. Tələbələrə Hüseyn Cavidin zəngin irsini, eləcə də Azərbaycan ədəbiyyatını daim mütaliə etməyi tövsiyə edib. Rektor 2022-ci il 24 sentyabr tarixində Hüseyn Cavidin anadan olmasının 140 illiyinin qeyd olunması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əlievin müvafiq Sərancamını Azərbaycan ədəbiyyatına, o cümlədən Hüseyn Cavid yaradıcılığına diqqət və qayğı kimi dəyərləndirib. Tədbirdə Dillər kafedrasının əməkdaşları dosent Ağaverdi Xəlilov, baş müəllim Almaz Zöhrabova və Mehriban Allahquluyeva Hüseyn Cavid şəxsiyyəti, yaradıcılığı, insanlığa sevgi, turançılıq ideallarından danışıblar. Tələbələr şairin şeirlərini ifa ediblər. Müxtəlif müsabiqələrin qalibi Altun Əsədzadə isə İsmizadə Vəkilin tarda müşayiəti ilə “Kor ərəbin mahnı”sını ifa edib.