2023-cü il may ayının 26-da Azərbaycan Turizm və Menecment Universitetində “İdarəetmədə multikultural dəyərlər” mövzusunda doktorant, dissertant və müstəqil tədqiqatçıların V Beynəlxalq Elmi-Praktik Konfransı keçirilib. ATMU-nun rektoru İlham Mədətov tədbirdəki çıxış nitqində Azərbaycanın dünyada idarəetmə, multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edildiyini diqqətə çatdırdı. Xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyada təqdimində Heydər Əliyev Fondunun böyük əməyindən bəhs etdi. Multikulturalizm və tolerantlıq məsələlərinin məhz Heydər Əliyev Fondunun düşünülmüş uğurlu fəaliyyəti sayəsində Azərbaycanın hüdudlarını aşmaqla Vatikandan Asiyaya, Şərqdən Afrikayadək böyük bir coğrafi arealı əhatə etdiyini dedi. “Heydər Əliyev Fondu fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış mükəmməl ənənəyə töhfələrini verməkdədir”fikrini xüsusi vurğulayan rektor İ.Mədətov daha sonra bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında” 11 yanvar 2016-cı il tarixli sərəncamı da göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu məqsədlə il ərzində çoxsaylı beynəlxalq və yerli əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulur.Rektor çıxışının sonunda bir daha bildirdi ki,”İdarəetmədə multikultural dəyərlər”mövzusuna həsr olunan V Beynəlxalq Elmi- Praktik konfransın keçirilməsində əsas məqsəd multikultural dəyərlər istiqamətində aparılan tədqiqat işləri çərçivəsində idarəetmənin mükəmməl modelinə nail olmaq, elmi tədqiqatların tətbiqi mexanizmini hazırlamaq, müxtəlif sahələrin idarə edilməsinin əsas mexanizmlərinin dövlətçiliyin inkişafına xidmət üsullarını müəyyənləşdirməkdir.
Universitetin Elm və innovasiya şöbəsinin müdiri, f-r.e.n.,dos. Nəsirulla Nəsirli “Müasir ali təhsilin problemləri” mövzusunda çıxışında dedi ki, “Təhsil hər bir dövlətin strateji əhəmiyyətli fəaliyyət sahəsi olmaqla həmin dövlətin siyasi, iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, yeni qurulmuş cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır”. N.Nəsirli onu da bildirdi ki, müasir təhsilin inkişaf etdirilməsi istiqamətində əsaslı islahatların həyata keçirilməsnə başlansa da bütövlükdə tam inkişafı hədəfləmək indiyədək mümkün olmayıb. Bu baxımdan, ölkəmizdə mövcud şəraitdə təhsil sahəsində də problemlər var və onların həlli labüddür.
Plenar iclasda Pyatigorsk Dövlət Universitetinin Hüquq İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Lüdmila Txabisimovanın “Heydər Əliyevin
Azərbaycanın dövlət quruculuğunun inkişafına töhfəsi: siyasi və hüquqi aspektdə” , Doğu Akdeniz Universitetinin dosenti Ali Özturanın “Ümumi turizm” adlı məruzələri iştirakçılar tərəfindən maraqla qarşılandı.
Bölmə iclaslarında Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kafedrasının professorları Minaxanım Əsədovanın “Təhsilin inkişafında Heydər Əliyevin rolu”, Məhərrəm Zülfüqarlının “Sovet rəhbərliyinin qərəzli siyasətinə qarşı Heydər Əliyevin mübarizəsi (1985-1991-ci illər)”, ATMU-nun Turizm biznesi kafedrasının müdiri dosent Hafiz Hüseynovun “İnformasiya-kommunikasiya texnologiyaları dövründə gənclərin dünyagörüşünün formalaşması”, ATMU-nun magistrantı Vəfa Cavadovanın “Rekreasiya ərazilərinin qiymətləndirilməsində turanimasiya fəaliyyətinin zəruriliyi”, Azərbaycan Dövlət Mədəniyət və İncəsənət Universitetinin müəllimi Gülgün Bağırovanın “Turizm sektorunun yerli iqtisadi inkişaf prosesinə təsiri” mövzularında məruzələri və digərlərinin çıxışları onlayn formada konfrans iştirakçılarının diqqətinə çatdırıldı. Qeyd etmək lazımdır ki,V Beynəlxalq Elmi-Praktik Konfransda 53 məruzə dinlənilib.