SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
12.07.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 231
ATMU əməkdaşı Belçika ali təhsil sistemində əhəmiyyətli sayılan mövzuların müzakirəsinə qatılıb

“Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində 03-07 iyul tarixlərini əhatə edən Brüssel səfərində layihə konsorsiumunun üzvü olan Azərbaycan ali təhsil müəssisələrinin nümayənədələri EFMD təşkilatına olan səfərin ardından “Belçikanın ali təhsil sistemində Flamand Universitetlərarası Şurasının rolu: Şuranın dövri nəşrləri” və “Belçikanın ali təhsil sistemində Rektorlar Şurasının rolu: Şuranın dövri nəşrləri” kimi mühüm mövzular barədə ətraflı məlumat əldə ediblər. 04 iyul 2023-cü il tarixində Flamand Universitetlərarası Şurasında baş tutan təlimlərin məqsədi Azərbaycan Rektorlar Konfransının dövri nəşrinin hazırlanması məqsədilə beynəlxalq təcrübənin, xüsusilə də Belçika təcrübəsinin öyrənilməsi olub. Təlimlər Şuraların məsul şəxsləri dr. Koen Verlaeckt, dr. Sophie Dufays tərəfindən həyata keçirilib.

Brüssel səfərinin üçüncü günüdə səfər iştirakçıları Avropanın ən qədim və yüksək reytinqə malik universitetlərindən biri olan KU Leuven universitetini ziyarət edib. Universitetin Beynəlxalq siyasət və Mədəniyyətlərarası məsələlər üzrə prorektoru Peter Lievens tərəfindən universitet perpektivindən Rektorlar konfransının əhəmiyyəti barədə geniş çıxış edərək fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Avropa Tələbə Birliyinin (ESU) prezidenti Horia Onita ali təhsil müəssisələrinin fəaliyyətində tələbələrin rolu, tələbə mərkəzli tədris və ESU-nun dövri nəşrləri ilə bağlı geniş təqdimatla çıxış edib.

Tədbirin sonuncu günüdə Avropa Universitetləri Assosiasiyası (EUA) ilə çox mühüm görüş baş tutdu. Görüşdə EUA-nın baş katibi Amanda Krovfut və assosiasiyanın digər əməkdaşları qurum haqqında məlumat verməklə yanaşı, onun milli rektorlar şurası ilə əməkdaşlığı və kommunikasiya fəaliyyəti barədə məlumat verdilər.

Görüşlərin hər birində qarşılıqlı müzakirələr, fikir mübadilələri aparılıb.

Qeyd edək ki, səfərdə ATMU-nu Karyera və Kommunikasiya şöbəsinin müdiri Səidə Məmmədova təmsil edib.