SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
29.08.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 353
ATMU əməkdaşı İsveç Krallığının Stokholm şəhərində işgüzar səfərdə olub

Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində layihə konsorisumunun üzvü olan Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətinin İsveç Krallığının Stokholm şəhərinə olan səfəri sona çatıb. 21-25 avqust tarixlərini əhatə edən səfər çərçivəsində KTH Kral Texnologiya Univerisitetində sahibkarlıq və innovasiya mövzularında məhsuldar təlimlər keçirilib. Təlimlərdə koordinator universitetin rektoru Şahin Bayramov, digər tərəfdaş universitetlərin prorektorları, inzibati və akademik heyət üzvləri, o cümlədən Polşanın Bydgoszc İqtisadiyyat Univeristetinin əməkdaşları iştirak ediblər.

Səfərin əsas məqsədi universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi, ali təhsil müəssisələrində innovasiya və sahibkarlıq fəaliyyətlərinin səmərəli təşkili istiqamətində İsveç təcrübəsinin öyrənilməsi olub.

Azərbaycan Turizm və Menecment Universitetinin Tədris işləri üzrə prorektoru, f.e.d, professor Zaur Bağırov və Karyera və Kommunikasiya şöbəsinin müdiri, sözügedən layihənin ATMU tərəfindən layihə koordinatoru Səidə Məmmədova təlimlərdə ATMU-nu təmsil edib.

Səfərin ilk günü Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək layihənin önəm və əhəmiyyətindən bəhs edib. Rektor Azərbaycan ali təhsil müəssisələrinin, xüsusilə də region universitetlərinin sahibkarlıq və innovasiya fəaliyyətlərinin gücləndirilməsində, təşəbbüskar və innovativ ideyaların yaranması və dəstəklənməsində mühüm rol oynayacağını vurğulayıb. Daha sonra layihənin koordinatoru Eşqin Bayramov layihənin məqsədləri və və fəaliyyət planı ilə əlaqdər ətraflı təqdimatla çıxış edib. Təlimlərin davamında KTH Kral Texnologiya Univerisitetinin müvafiq sahələr üzrə məsul nümayəndələri və professorları Viktor Kordas, Oleksii Pasichnyi, Kristina Nyström, Johan Blaus, Olga Kordas, Donnie Lygonis, Pia Schmidt sahibkarlığın gücləndirilməsi-sahibkarlıqda təhsil, innovasiya, sahibkarlıq və vençurların yaradılması, texnologiya əsaslı sahibkarlıq, ali təhsil və tədqiqatda innovasiyalar, sahibkarlıq və innovasiyaların inkişafında beynəlxalq layihələr kimi mühüm mövzularda təqdimatlar nümayiş etdirərək qabaqcıl təcrübələrini bölüşüblər.

Təqdimatlar üzrə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri xarici partnyorlarla geniş müzakirələr və fikir mübadilələri aparıblar. Tədbir iştirakçıları, eyni zamanda İsveç İnnovasiyalar Agentliyinin mövcud fəaliyyəti, İsveçin Strateji İnnovasiya Proqramı haqqında

ətraflı məlumatlar əldə ediblər. İsveç təcrübəsi ilə yanaşı nümayəndə heyətiali təhsildə sahibkarlıq və innovasiyanın tətbiqi üzrə Polşanın WSG Universitetinin təcrübəsi ilə tanış olublar.

Qeyd edək ki, Global Sahibkarlıq Monitorinqi tədqiqatçılarının 2022-ci il hesabatına əsasən yüksək gəlirli ölkələr qrupuna daxil olan 31 ölkə içərisində 18-ci yeri tutan İsveç, eyni zamanda “Global İnnovasiya İndeksi”nin 2022-ci il hesabatında yer alan 132 iqtisadiyyat arasında 3-cü yerdədir. 2023-cü ilin QS reytinq sisteminə görə Nordic regionunda 1-ci, Avropada 20-ci, dünyada 73-cü yerdə olan KTH Kral Texnologiya Univerisiteti Times Higher Education reytinqi üzrə isə dünyada 155-ci, xüsusilə mühəndislik və texnologiya ixtisasları üzrə reytinqdə 53-cü yerdə qərarlaşıb. Sahibkarlıq və innovasiyanın qarşılıqlı inkişafı üzrə aparıcı mövqedə olan İsveçdə müvafiq tərcübənin öyrənilməsi Azərbaycan ali təhsil müəssisələrinin sözügedən istiqamətdə inkişafına mühüm töhfələr verəcəkdir.

Səfər proqramına əsasən təlimlərin yekununda layihə tərəfdaşlarının növbəti fəaliyyətlər və koordinasiya məsələləri üzrə görüşü baş tutub, müzakirələr aparılaraq tapşırıqlar müəyyənləşdirilib.