SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
15.09.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 377
ATMU-da Bilik günü

Sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2023/2024-cü tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra ATMU-nun rektoru cənab İlham Mədətov “Bilik günü” münasibətilə tələbələri təbrik etdi və uğurlar arzuladı. Universitetin öz fəaliyyəti dövründə ölkənin ali təhsil ocaqları arasında bir sıra nailiyyətlərə imza atdığını  qeyd   edən  İ.Mədətov,  eyni  zamanda  2023/2024-cü  tədris  ili  üzrə   təhsil müəssisələrinin qəbulun nəticələrinə əsasən 51 ali təhsil müəssisəsindən yalnız 6-da plan yerlərinin 100% yerinə yetirdiyini, Azərbaycan Turizm və Menecment Universitetinin də məhz ilk 6-da qərarlaşdığını dedi. Bir daha ”Bilik günü” münasibətilə tələbə adını qazananları, valideynləri təbrik etdi.

Rektor davamlı iqtisadi islahatlar sayəsində ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində diqqətçəkən addımlar atıldığını, təhsil sahəsinin inkişafının prioritet istiqamətlərdən biri olduğunu xüsusi vurğuladı. Qeyd edilənləri təhsilə və təhsil işində aparıcı sima sayılan müəllimlərə hörmət və ehtiramın göstəricisi kimi dəyərləndirdi. “Tələbələr -müəllimlərin, müəllimlər də tələbələrin sevimlisi olasınız”- arzusunu bildirdi.

“Bilik günü”nə həsr olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin “Turizm siyasəti və strategiyası” şöbəsinin müdiri Məhəmməd Muradov yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik etdi. ATMU tələbələrilə görüşündən məmnunluğunu bildirən Agentlik rəsmisi diqqətə çatdırdı ki, ali məktəb tələbəsi olmaq hər bir gəncin həyatında ən önəmli hadisələrdən biridir. Bu bir faktdır ki, insanın dünyagörüşünün formalaşmasında turizmin təsiri böyükdür. Deyilən fikirlər, birmənalı olaraq turizm sənayesində ixtisaslı və peşəkar kadrlara ehtiyacdan xəbər verir.

“Məsləhətim budur ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin (DTA) strukturunda fəaliyyət göstərən ATMU-da yaradılan təhsil-təcrübə imkanlarından lazımınca faydalanıb çalışqan tələbələrdən olun. Unutmayın ki, Azərbaycanda hər zaman yüksək ixtisaslı və peşəkar kadrlara ehtiyac var”- dedi. Çıxışının sonunda Dövlət Turizm Agentliyi adından ATMU- nun tələbəsi adını qazananlara təhsil uğurları arzuladı.

ATMU-ya Turizm və qonaqpərvərlik fakültəsinin “Tərcümə” ixtisasına ən yüksək balla  qəbul  olan  Fidan  İsrafilova  sevincini  tədbir  iştirakçıları  ilə  bölüşdü  və  tələbə yoldaşlarına uğurlar arzuladı. Sonda 2023/24-cü tədris ilində ATMU-ya yüksək balla qəbul olan ixtisas birincilərinə gül dəstələri təqdim olundu.