SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
03.10.2023
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 179
“Erasmus+” layihəsi çərçivəsində təlimlər Barselonada keçirilib

Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlimlər İspaniyanın Kataloniya Politexnik Universitetində baş tutub. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihədə konsorsium üzvü olan 11 Azərbaycan universitetinin rektorları, prorektorlar, inzibati və akademik heyətdən ibarət 27 nəfərlik nümayəndə heyəti işgüzar səfərdə iştirak ediblər. Təlimlərin başlıca məqsədi innovasiyaların idarə edilməsi, sahibkarlıq fəaliyyətləri və institusional dəstək mexanizmləri üzrə İspaniya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi olub.  

Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru, p.e.d, professor İranə Əliyeva və Elm və İnnovasiya şöbəsinin koordinatoru Sənubər Qənbərova təlimlərdə ATMU-nu təmsil edib.

Təlim proqramına əsasən səfərin ilk günü layihənin koordinatoru Eşqin Bayramovun modertorluğu ilə layihənin cari vəziyyətinin müzakirəsi üzrə iclas keçirilib və fikir mübadiləsi aparılıb. Təlimlərin növbəti günü ev sahibi Kataloniya Politexnik Universitetinin rəhbərliyi Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyətini salamlayaraq açılış nitqi ilə çıxış edib. O, layihənin ali təhsilin inkişaf etdirilməsi baxımından aktual bir mövzuya həsr olunduğunu qeyd edərək mühüm partnyorlardan biri olmaqdan məmnun olduqlarını dilə gətirib.

Daha sonra təlim iştirakçıları Universitetin İnnovasiya İdarəetmə Xidmətinin təqdimatında iştirak ediblər. İspaniyalı sahibkarlarla görüşlərin və müzakirələrin keçirilməsi isə təlim proqramının ən məhsuldar fəaliyyətləri sırasında yer alıb. Proqram çərçivəsində iştirakçılar MediaTIC, Intro Barcelona Activa, Barcelona Supercomputing Center, FCIM and Indl Tech kimi innovasiya mərkəzlərini ziyarət edərək onların fəaliyyətləri ilə yaxından tanış olublar. Bununla yanaşı sahibkarlıq fəaliyyətlərinin Universitetin inkişaf strategiyası və fəaliyyətlərinə inteqrasiya edilməsi və digər mühüm mövzularda təlimlər keçirilib, yekunda isə müvafiq mövzu barəsində komanda işləri nümayiş etdirilib.