SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
27.12.2023
--
Bölmə: Xəbərlər
Baxış sayı: 520
Dekabrın 26-da Bakıda “Azərbaycanda beynəlxalq təhsil imkanları” forumu keçirilib.

Forum zamanı açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova forumun əvənəvi görüşlərdən fərqli olaraq təhlilə söykənən müzakirələr formatında aparılmasının daha keyfiyyətli təhsilin təşkili işində önəmini vurğulayıb.

 

Forumda çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli təhsilin beynəlmiləlləşməsi və ali təhsilə əlçatanlılığın artırılması istiqamətində görülən işlərdən bəhs edib.

 

Daha sonra çıxış edən Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin rəisi Elməddin Mehdiyev və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəis müavini Tamilla Hacıyeva təhsil qrantı proqramlarının icrasının Azərbaycanın beynəlxalq təhsil imkanlarının tanıdılmasına, ikitərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsinə və müxtəlif ölkələrdən olan tələbələrə təhsil imkanlarının yaradılmasına verdiyi töhfələrdən danışıblar.

 

Əcnəbi tələbələrin təhsilinə dair ilin yekun hesabatı ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov və Elm və Təhsil Nazirliyinin əməkdaşı Günay Cəfərzadə Azərbaycanda təhsil alan əcnəbilərin statistikası, ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yer alması və mübadilə proqramlarında iştirakı ilə bağlı məlumatları tədbir iştirakçıları ilə paylaşıblar.

 

Forumun keçirilməsində məqsəd hər ilin sonu yerli ali təhsil müəssisələri ilə keçirilən ənənəvi görüşün daha produktiv modelinə keçid, 2023/2024-cü tədris ili üzrə əcnəbilərin Azərbaycanda təhsilinə dair hesabatın təqdim olunması, universitetlərin beynəlmiləlləşmə sahəsində inkişafını müzakirə etmək, eləcə də 2023-cü il üçün Fəaliyyət Planı üzrə əcnəbilərlə iş sahəsində fərqlənən universitetləri rəğbətləndirmək olub.

 

Forum öz işinə panel müzakirələri ilə davam edib.