SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
12.01.2024
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 291
Bakıda Turizm Sənayesi Subyektlərinin forumu keçirilib

Yanvarın 11-də Bakı Konqres Mərkəzində Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda forum keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov 2023-cü ilin ölkə turizmin inkişafı üçün uğurlu il olduğunu və turizmin qeyri-neft sektorunun bir qolu olaraq xüsusi mərkəzə çevrildiyini bildirib. Ümummilli Lider Heydər Əliyevin turizmə xüsusi qayğısı sayəsində adıçəkilən sahənin yeni dövrə qədəm qoyduğunu, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində turizm sahəsinin daha da inkişaf etdiyini deyib.

 

Azərbaycan Hotel Assosiasiyasının İdarə Heyətinin sədri Eldar Əlimuradov assosiasiyanın fəaliyyəti barədə danışıb. O qeyd edib ki, məhz Prezident İlham Əliyevin turizmin inkişafına böyük dəstəyi sayəsində 2011-ci ildən sonra turizmin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycanda bir çox beynəlxalq hotel brendləri təmsil olunur. Hazırda ölkəmizdə 757 hotel fəaliyyət göstərir.

E.Əlimuradov diqqətə çatdırıb ki, beynəlxalq təcrübəyə malik olan yerli kadrlar nəyinki Azərbaycanda, həmçinin bir çox xarici ölkələrdə yüksək vəzifələr tuturlar.

 

Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının Baş katibi Tural Musayev bələdçilərin fəaliyyətinin turizmin inkişafına təkan verən əsas xidmət sektoru olduğunu qeyd edib.

Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin sədri Azər Qəribov səyahət etdiyi ölkələrin adət-ənənələri və fərqli xüsusiyyətlərindən söhbət açaraq, Azərbaycanın COP29-a ev sahibliyi edəcək ölkə kimi seçilməsinin əhəmiyyəti barədə danışıb.

Forum çərçivəsində turizm sənayesində ixtisaslaşmış assosiasiyalar birgə bəyanat qəbul edib. Bəyanatda dövlət başçısı tərəfindən aparılan siyasətə tam dəstək ifadə olunub.

Açılış mərasimindən sonra forum işini “Turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 il ərzində əldə edilən uğurlar” və “COP29 ərəfəsində imkanlar və çağırışlar, turizm sənayesindən gözləntilər” adlı panel müzakirələrlə davam etdirib.

       Qeyd etmək lazımdır ki,Bakıda keçiriən Turizm Sənayesi Subyektlərinin forumunda ATMU-nun Strateji İnkişaf üzrə prorektoru Araz Aslanlı, inzibati heyət  və tələbə kontingentinin nümayəndələri iştirak ediblər.