SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
19.01.2024
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 352
20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “20 Yanvar – Milli iradəmizin zəfər çaldığı gün” adlı tədbir keçirilib. ATMU-nun rektoru İlham Mədətov 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunan tədbirdə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi tarixi cinayət haqqında ətraflı məlumat verib. 20 Yanvar faciəsini “Çağdaş tariximizin qanlı faciə və şanlı mübarizə səhifəsi” adlandıran rektor ümummilli lider Heydər Əliyevin keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb. İ.Mədətov 20 Yanvar faciəsini sovet imperiyası tərəfindən xalqımızın müstəqillik əzmini sarsıtmaq üçün qabaqcadan düşünülmüş ssenari əsasında həyata keçirildiyini diqqətə çatdırıb.Son iki əsrdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasətinin növbəti mərhələsi olduğnu, 20 Yanvar faciəsinin erməni və ermənipərəst sovet rəhbərliyi tərəfindən törədildiyini qeyd edib. Dövlət müstəqilliyimizə tuşlanan gülləyə sinələrini sipər edən qəhrəman oğul və qızlarımızın gələcək nəsillərə örnək olduğunu, onların əziz xatirələrinin daima əziz tutulacağını vurğulayıb.

Tədbirdə universitetin İctimai fənlər kafedrasının professoru Məhərrəm Zülfüqarlı detallı məruzəsində bildirdi ki, 1990-cı il yanvar ayının 20-i Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyi, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut edib. Məsələnin tarixindən və həmin tarixlərdə şahidi olduğu hadisələrdən bəhs edən Məhərrəm müəllim, sonda şəhidlərə Allahdan rəhmət dilədi.

        Tədbir ulu öndər Heydər Əliyevin şəhid qanının dəyəri haqqında dillər əzbəri -“O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır” kəlamları ilə başa çatıb.

ATMU-da gün ərzində 20 Yanvar faciəsinə həsr olunan sənədli və bədii əsərlər sərgilənib.