SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
27.02.2024
Sədaqət Turabova
Bölmə: Xəbərlər
Baxış sayı: 188
Xocalı şəhidlərinin intiqamı alındı

30 ildən çox idi ki, fevral ayının sonuna yaxın hər birimizin Xocalı adlı ürək yaramıza sanki duz səpilirdi. Mətbuatda çoxlu yazılar yazır, o günahsız qurbanları kədərlə yad edirdik. Bu il isə biz onları sevinc göz yaşları ilə, başımızı dik tutaraq anırıq. Əminliklə ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı!

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaltdı və bununla da, keçdiyimiz enişli-yoxuşlu, qanlı-qadalı şərəf yolumuzun məntiqi nəticəsini təsdiqlədi. 30 ildən çox məkrli erməni xislətinə, dünya erməniliyinin havadarlarına, Qərb “biganəliyinə”, dünya terrorizminin ən qanlı və murdar dəstələrinə, Eçmiədzin emis-sarlarının uydurduqları xristian təəssübkeşliyinə qarşı apardığımız mübarizənin çox vacib mərhələsi başa çatdı.

2020-ci ilin payızında Azərbaycanın tarixi torpaqlarının işğalına son qoyuldu. ATƏT-in Minsk qrupu həmsədrlərinin “münaqişənin hərbi yolla həlli yoxdur” kimi 30 illik tezisi 44 gün ərzində darmadağın oldu və Cənubi Qafqazın geosiyasi arxitekturasında tam fərqli reallıq yarandı.

Regionun iqtisadi potensialının 80 faizindən çoxuna malik olan Azərbaycanın, geosiyasi əhəmiyyəti istər Qarabağın təbii-mineral ehtiyatları, istərsə də Şimalla Cənub, Qərblə Şərq arasında mövcud nəqliyyat-kommunikasiya və tranzit imkanlarının kəskin şəkildə artması baxımından Xəzər–Qara dəniz hövzəsi, Cənubi Qafqaz, Orta Asiya və hətta Yaxın Şərqdə daha da yüksəldi. Biz qalib gəldik, çünki onlardan bütün parametrlər üzrə, müqayisəyəgəlməz dərəcədə güclüyük. Regionda sabitliyin, təminatlı sülhün ya-ranması üçün olduqca əlverişli vəziyyətin yarandığını nəzərə alaraq yenə də öz sül-hpərvərliyimizi nümayiş etdirdik.

Xankəndidə Azərbaycan bayrağını ucaldarkən Prezidentimizin böyük qürur və eyni zamanda ürək ağrısı ilə söylədiyi kimi “Azərbaycan xalqı yaxşı bilir və əminəm, dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər”. Amma dünya şahid oldu ki, antiterror əməliyyatı ilə cəmi 23 saat kifayət etdi ki, Azərbaycan Bayrağı Xankəndi, Xocalı və Əsgəranda ucalsın!

Ermənistana gəldikdə isə, işğalçılığı dövlət siyasəti səviyyəsinə qaldıran, 44 günlük müharibədə məğlubiyyət acısı yaşayan bir ölkədə dövlətin, cəmiyyətin bəlkə də qarşısıalınmaz çöküşü haqda ovqatın inama çevrilməsi prosesi – “deklinizm” hökm sürməyə başladığı bir vaxtda, məğlub Ermənistan sülh təklifini ən alternativ yol kimi qəbul etməli olduğu halda, erməni şairi E.Çarentsin təbirincə desək, erməni xisləti tam gücü ilə işə düşdü. Azərbaycanlılara qarşı 30 ildə etnik təmizləmə və kütləvi qırğınlar törətmiş Er-mənistan rəhbərliyi, onların havadarları, qərb “insanpərvərləri” və xristian “təəs-sübkeşləri”ndən ibarət bir xor Azərbaycanı etnik təmizləmədə təqsirləndirməyə başladılar. Azərbaycanın Xankəndidə öz bayrağını ucaltdıqdan sonra “etnik təmizləmə” Ermənistanın çoxsaylı siyasilərinin dilindən, müxtəlif Avropa tribunalarından tez-tez səslənir.

Hərçənd bu kəlməni ilk dəfə Ermənistan Prezidenti S.Sarkisyan 30 il əvvəl Tomas de Vaal adlı jurnalistin yazdığı “Qara Bağ” adlı kitabda səsləndirmişdi: “Tomas de Vaal: Mənə elə gəlir ki, sadəcə olaraq, siz adətən dəhliz qoyurdunuz ki... S.Sarkisyan: Bu, əsasən, Xocalıdan sonra belə oldu. Çünki əslində bizim müharibəmiz başqalarından bir qədər fərqlənirdi. Bizdə elə alındı ki, müəyyən etnik təmizləmə gedirdi. Başqa cür ola da bilməzdi...” Əlavə şərhə ehtiyac yoxdur. Xocalı qətliamı əsil etnik təmizləmə idi və bu gün müxtəlif tribunalardan Azərbaycanı etnik təmizləmə siyasətində təqsirləndirən müxtəlif çeşidli Avropa siyasiləri Ermənistan prezidentinin əsil etnik təmizləmə siyasəti haqda etirafını görməzdən gəlir, anlamaq istəmirlər ki, ikili standartlarla erməni faşizmini stimullaşdırırlar.

Təsadüfi deyil ki, acınacaqlı günlərində belə Ermənistan rəhbərliyi sülh təklifini xilas yolu kimi qəbul etməli olduqları halda, ərazi iddialarından əl çəkmək fikrindən uzaqdır və sülh sazişinin imzalanması yolunda süni maneələr yaratmaqdadır.

Yuxarıda qeyd etmişdik ki, biz məkrli erməni xislətinə qarşı apardığımız müba-rizənin çox vacib mərhələsini şərəflə başa çatdırdıq. Lakin mübarizə bitməyib, erməni faşizminin səsi hələ də eşidilməkdədir.

Biz Xocalı faciəsini heç vaxt unutmamalıyıq. O məşum gecədə vəhşicəsinə qətlə yetirilən günahsız insanların – məsum körpələrin, qadınların, qocaların qisası alındı. Onların 30 il rahatlıq tapmayan ruhları şad oldu. Prezidentimizin hər birimizin ürəyindən gələn, hər birimizin adından səsləndirdiyi kimi “Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub”.

Biz Xocalı faciəsini həm də ona görə unutmamalıyıq ki, bu faciə unutqanlığımızın cəzası olan növbəti dəhşətli bir xatırlatmadır. Bunları unutmağımızın bədəli, bir qayda olaraq çox ağır olur və biz bundan ciddi nəticələr çıxarmalıyıq. Çünki düşmənimizin xisləti dəyişməzdir. Ölkə rəhbərimiz Xocalı şəhərində Dövlət Bayrağını ucaldarkən demişdir: “Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir? Həmin ölkələr ki, o vaxt –1992–1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edir-di, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində.”

Biz də dəyişmirik, daha da mətinləşir, daha da güclənirik! Prezidentin dediyi kimi “...xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı.”

Bəli! Əyilmədik, sınmadıq! Və heç vaxt əyilməyəcəyik! Sınmayacağıq! Qurub yaradacağıq! Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin mayında başlamış “Xocalıya ədalət!” kampaniyası, “Xocalıya böyük qayıdış”a çevrilməkdədir! Xalqımızın 7 fevral Prezident seçkilərində nümayiş etdirdiyi yekdillik və müdrik seçim onu deməyə əsas verir ki, 30 ildən çox matəmdə olan o torpaqlarda tezliklə şən həyat qaynayacaq!

İlham MƏDƏTOV, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru