SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN
Elanlar
“Skill Up” layihəsi başa çatdı

“Skill Up”  layihəsi başa çatdı

           Azərbaycan Turizm və Menecment Universitetininin (ATMU) Karyera və Kommunikasiya şöbəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə 2023-cü ilin oktyabr-noyabr aylarında keçirilən “Skill Up” layihəsinə yekun vurulub. Layihə çərçivəsində ölkəmizin nüfuzlu 10 müəssisəsinə təşkil edilən təlim ekskursiyasının  əsas məqsədi universitet tələbələrinin müvafiq iş şəraitində peşəkar vərdişlərə yiyələnmələrinə təkan verməkdən ibarət idi. İlk səfər Azərbaycan Milli Xalça Muzeyinə olub. Turizm bələdçiliyi və muzeyşünaslıq ixtisasının tələbələri muzey əməkdaşı Kamilə Hüseynovanın təqdimatında xalqımızın çoxəsrlik mədəniyyət və incəsənət simgəsi sayilan xalça və xalq tətbiqi sənət nümunələri barədə müfəssəl məlumat əldə ediblər. “Azərbaycan Dəmir Yolları” QSC-yə təşkil olunan ekskursiya zamanı universitetin  nəqliyyat servisi ixtisasının tələbələri  qatarların səfərə hazırlanması, hərəkət qrafikləri, dispetçer xidməti, bilet satışı işinin təşkili , müəssisədaxili təlimlər və s. haqqında məlumatlandırılıb. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda isə laboratoriya işinin təşkili sektorunun müdiri Kənan Sadıqov tələbələrlə görüşü əsnasında AQTİ-nin fəaliyyət istiqamətləri, qida təhlükəsizliyi standartlarının hazırlanması, beynəlxalq təcrübə proqramları, keyfiyyət göstəricilərinin təyini, laboratoriya xidmətləri və s.məsələlərə aydınlıq gətirib.

             “Skill Up” layihəsi çərçivəsində Bakıda fəaliyyət göstərən “Parkside Hotel & Apartments”, Hilton Baku”, “Holiday İNN”,Four Seasons Hotel Baku”, “Fairmont Baku”, “İnterContinental Baku Hotel”-ə və “Paulaner Brauhaus Baku” restoranına   təlim ekskursiyası zamanı universitet tələbələri nüfuzlu müəssisələrin strateji hədəfləri, fəaliyyət mexanizmi,  müştəri məmnunluğunun əhəmiyyəti, peşəkar vərdişlərə yiyələnməyin başlıca yolları və s. məsələlər barədə təlimatlandırılıblar.

17.11.2023
Karyera və Kommunikasiya şöbəsi
Bölmə: Elanlar
Baxış sayı: 553