Universitet haqqında

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) 22 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2006-cı ildən fəaliyyət göstərən Azərbaycan Turizm İnstitutunun (ATİ) bazasında yaradılmışdır. ATMU ölkədə turizm və menecement sahələri üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsidir.  Azərbaycan Res­pub­li­ka­sının Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə ATMU Azə­r­­baycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeçiliyində fəaliyyət gös­tərir.

Hazırda universitetdə 3 fakültə və 8 kafedra fəaliyyət göstərir. 

ATMU-da tədris təhsilin bakalavriatura, magistratura və doktorantura pillələri, həmçinin əlavə təhsil proqramı üzrə həyata keçirilir.

Nailiyyətlərimiz

Azərbaycan Turizm və Menecment Universiteti Azərbaycan Respublikasında turizm təhsili verən Ali Təhsil Müəssisələri arasında ilk dəfə beynəlxalq ikili diplom proqramını tətbiq etmişdir. Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti ilə 2007-ci ildə Azərbaycan-Avstriya Turizm Proqramının reallaşdırılması ilə bağlı müqavilənin imzalanması ilə yerli və beynəlxalq turizm təhsilinin incəliklərindən xəbərdar olan mütəxəssislər turizm sektorunun inkişafına töhfə verməkdədirlər. Təhsil aldıqları müddətdə tələbələr təhsillərini 1 semestr ərzində Avstriyada davam etdirməklə beynəlxalq təhsil təcrübəsi əldə etmiş olurlar. Avstriyadan olan mütəxəssislər tərəfindən tədrisin aparıldığı proqramı uğurla bitirmiş tələbələr iki diplom - Azərbaycan Turizm və Menecment Universiteti və IMC Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını əldə edirlər.

20 noyabr 2019-cu il tarixində Azərbaycan Turizm və Menecment Universiteti “Turizm işinin təşkili” ixtisas proqramı üzrə ISO 9001:2015 - Keyfiyyət İdarəetmə Sistemi sertifikatına layiq görülmüşdür. ATMU-nun qeyd olunan sertifikata layiq görülməsi onun effektiv idarəetmə sisteminə malik olması və beynəlxalq standartlara cavab verən təhsil siyasətini həyata keçirməsinin göstəricisidir. 26 yanvar 2023-cü il tarixində Turizm və qonaqpərvərlik fakültəsi İSO 9001:2015 – Keyfiyyət idarəetmə sistemi standartı üzrə təkrar sertfikatlaşmadan keçmiş, yeni sertifikiatı əldə etmişdir.

10 mart 2020-ci il tarixində Azərbaycan Turizm və Menecment Universiteti “Turizm işinin təşkili” ixtisas proqramı üzrə Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatına layiq görülmüşdür. Cənubi Qafqaz regionu ali təhsil müəssisələri arasında ilk dəfə olaraq ATMU-nun “UNWTO.TedQual” sertifikasiyası prosesindən uğurla keçməsi Azərbaycanda turizm sahəsində ali təhsilin qlobal rəqabətliliyinin artırılması istiqamətində mühüm nailiyyətdir. “UNWTO.TedQual” Ali Təhsil Müəssisələri Şəbəkəsinə qoşularaq ATMU, akademik heyət üzvlərinin və tələbələrin mübadilə proqramlarında iştirak etmək hüququ əldə etməklə bərabər, həmçinin bilik və təcrübə mübadiləsi fürsətlərindən bəhrələnmək imkanı da qazanıb.

4 sentyabr 2023-cü il tarixində Azərbaycan Turizm və Menecment Universiteti “Turizm və Qonaqpərvərlik” və “Sosial menecment fakültələri” İSO 210001:2018 – Təhsilin idarəedilməsi standartı üzrə sertifikata layiq görülmüşdür.

Missiyamız

Beynəlxalq əmək bazarında rəqabət qabiliyyətli və cəmiyyətin dayanıqlı inkişafına töhfə verəcək mütəxəssislər hazırlayan ali təhsil müəssisəsinə çevirmək

Hədəfimiz

Missiyaya uyğun olaraq fərdlərə öyrənmək, dəyişmək və dəyişdirmək üçün zəruri səriştələri aşılayan təhsil, innovasiya və tədqiqat mərkəzi kimi formalaşmaq. Universitetimizin korporativ mədəniyyəti sosial məsuliyyət, dürüstlük, şəffaflıq, hesabatlılıq, rasionallıq, akademik azadlıq, biliyə maraq və yenilikçilik dəyərləri üzərində qurulmuşdur

Korporativ dəyərlərimiz

Korporativ dəyərlərimiz dürüstlük, şəffaflıq, hesabatlılıq, rasionallıq, kollegiallıq, akademik peşəkarlıq, biliyə maraq və yaradıcılıq dəyərləri üzərində qurulmuşdur.

  • Dürüstlük - əməkdaşlarımız və tələbələrimizin şəxsi davranışları ən yüksək etik standartlara cavab verməlidir.
  • Şəffaflıq - universitet fəaliyyətilə bağlı maraqlı tərəflərin məlumat əldə etmək hüququ təmin olunmalıdır.
  • Hesabatlılıq - verilmiş bütün qərarlara görə universitetin cavabdehliyi təmin olunmalıdır.
  • Rasionallıq - qərarlar əsaslandırıla bilən olmalı və tədris prosesin inkişafına xidməet etməlidir. 
  • Kollegiallıq - qərarların verilməsi prosesində aidiyyatı əməkdaşların iştirakçılığı təmin edilməli və demokratik müzakirə mühiti qorunub-saxlanılmalıdır.
  • Akademik peşəkarlıq - əməkdaşlar və tələbələr akademik fəaliyyətlərində etik dəyərlərə və prinsiplərə riayət etməlidirlər.
  • Biliyə maraq - universitet əməkdaşların və tələbələrin biliyə marağının artırılması və intellektual mühitin qurulması üçün davamlı çalışmalıdır.
  • Yaradıcılıq - tədris və əlaqələr sahələrdə yaradıcı və yenilikçi yanaşmaların istifadəsi təşviq edilməlidir. 
Niyə ATMU?

1. Turizm ixtisası üzrə kadr hazırlığını həyata keçirən ilk ixtisaslaşmış dövlət ali təhsil müəssisəsi olması;

2. “Turizm işinin təşkili” ixtisas proqramı üzrə ISO: 9001-2015 - Keyfiyyət İdarəetmə Sistemi və Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına və həmçinin Turizm və Qonaqpərvərlik” və “Sosial menecment fakültələri ” üzrə İSO 210001:2018 – Təhsilin idarəedilməsi standartı sertifikatına  layiq görülməsi;

3. Müasir təlim texnologiyalarından istifadə etməklə əmək bazarı üçün rəqabət qabiliyyətli kadrların hazırlanması

4. Tədrisin ixtisaslı və praktik biliklərə sahib mütəxəssislər tərəfindən aparılması;

5. Avropanın və Türkiyənin qabaqcıl ali təhsil müəssisələrində ikili diplom təhsili üzrə imkanların mövcudluğu;

6. Ölkədə turizm ixtisası üzrə ilk beynəlxalq ikili diplom proqramının mövcud olması;

7. Beynəlxalq mübadilə proqramlarında (“Erasmus+”, “Mevlana”) iştirak etmək fürsətinin olması;

8. Elmi-tədqiqat fəaliyyətinin aparılması üçün beynəlxalq elektron informasiya portallarına (EBSCO, UNWTO, Thomson Reuters) giriş imkanının mövcudluğu;

9. Ölkənin dövlət strukturları və böyük şirkətləri ilə nüfuzlu milli qurumlarda təcrübə keçmək,

karyera qurmaq imkanlarının yaradılması və müvəffəqiyyət qazanmış tələbələrin ixtisas profili üzrə karyera imkanlarının dəstəklənməsi;

10. Xarici ölkələrdə istehsalat təcrübəsi keçmək imkanının yaradılması.