Kredit: 8
Fənnin qısa məzmunu:
Bu fənn beynəlxalq münasibətlər tarixini sistemli əsasda 4 dövrə bölərək öyrənir. Bu semestr ərzində I və II dövrlər əhatə olunacaq. Birinci dövrdə Vestfal sisteminin formalaşmasından Birinci dünya müharibəsinin sonuna qədər olan müddətdə beynəlxalq münasibətlərin əsas prinsipləri , tendensiyaları, hadisələri , problemləri və xüsusiyyətləri, habelə beynəlxalq konqreslərin, konfransların və müqavilələrin rolu və əhəmiyəti, müasir beynəlxalq münasibətlərə təsirlər öyrənilir. Bundan əlavə qeyd olunan dövrdə müxtəlif sistemlərin və altsistemlərin təşəkkülü, təkamülü, ideoloji, iqtisadi və daxili siyasi amillərin təsirləri yalnız tarixi yanaşma çərçivəsində deyil, həm də siyasi kontekstdə təhlil olunur. İkinci dövrdə ilk qlobal beynəlxalq nizam olan Versal-Vaşinqton sisteminin yaranması, inkişafı və tənəzzülü öyrənilir. Sistemli yanaşma çərçivəsində Avropada, Asiya-sakit okean regionunda, Yaxın (Orta) Şərqdə, Latın Amerikasında beynəlxalq münasibətlər öyrənilir. Bundan əlavə Millətlər Cəmiyyətinin və başlıca beynəlxalq konfransların- Paris, San-Remo, Genuya, Lozanna, Haaqa, Lokarno, Cenevrə, Montre, Münhenin fəaliyyəti, İkinci Dünya müharibəsinin başlanması, gedişi, nəticələri, habelə müharibə illərində keçirilən beynəlxalq konfranslarda qəbul edilmiş qərarlar ətraflı təhlil olunur.
Fənn üzrə təlim nəticələri:
Bu fənni bitirən tələbə:
- Beynəlxalq münasibətlər tarixi üzrə orijinal mənbələrlə/sənədlərlə işləməyi bacarır
- Beynəlxalq münasibətlər tarixinin inkişaf qanunauyğunluqları və əsas mərhələləri haqqında qazandığı sistemli bilikləri tətbiq etmək səriştəsinə malik olur
- Müxtəlif dövrlərdə mövcud olan xarici siyasət konsepsiyalarını, prinsipləri və doktrinaları müasir siyasi prorseslərdə əlaqələndirməyi və bu əsasda ümumiləşmiş nəticələr çıxararaq hadisələrin inkişaf tendensiyalarını müəyyən etməyi bacarır
- Beynəlxalq münasibətlər tarixinin müxtəlif hadisə və proseslərini müasir siyasi, mədəni proseslərlə əlaqələndirməyi və hadisə və proseslər arasında varisliyi izləməyi bacarır
- Beynəlxalq münasibətlər tarixindən əldə etdiyi biliklərdən metodoloji əsas kimi istifadə edərək digər sahələrdə tədqiqat aparmaq səriştəsinə malik olur
- Beynəlxalq münasibətlər tarixinin qlobal və regional sistemlərini müqayisə edərək, müasir beynəlxalq sistemin təkamülü kontekstində dünyanın perspektiv inkişafına dair sadə proqnozlar irəli sürməyi bacarır
- Müasir münaqişələrin və böhranların tarixi səbəblərini müəyyən etməyi və izah etməyi bacarır