SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

ƏSASNAMƏ

I. Ümumi müddəalar

1.1. Azərbaycan Turizm və Menecment Universitetinin Ümumi şöbəsi Azərbaycan Turizm və Menecment Universitetinin struktur bölməsidir.

1.2. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Turizm və Menecment Universitetinin əsasnaməsini, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin və Azərbaycan Respublikası təhsil nazirinin əmr və sərəncamlarını, ATMU rektorunun əmr və göstərişlərini, ATMU Elmi Şurasının qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Şöbə bu Əsasnamə ilə müəyyən olunmuş funksiyalarının yerinə yetirilməsi prosesində və hüquqlarını həyata keçirərkən ATMU-nun digər struktur bölmələri, eləcə də mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

II. Şöbənin fəaliyyətinin əsas məqsədi

2.1. Şöbənin fəaliyyətinin əsas məqsədi ATMU-da kargüzarlıq, sənəd dövriyyəsi, arxiv və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması sahələrində işlərin təşkilinin və təkmilləşdirilməsinin həyata keçirilməsini təmin etmək,  habelə     ATMU-nun strukturlarının bu sahədəki fəaliyyətinə əməli və metodiki rəhbərliyi həyata keçirməkdir.

III. Şöbənin əsas vəzifələri

3.1.Şöbənin əsas vəzifələri aşağıdakılardır:

3.1.1. ATMU-nun struktur bölmələrində və ATMU-nun tabeliyində olan hüquqi şəxs statuslu qurumlarda vahid kargüzarlıq sistemini təşkil etmək;

3.1.2. ATMU-da, onun tabeliyində olan hüquqi şəxs statuslu qurumlarda kargüzarlığın təşkili, sənəd dövriyyəsi, arxiv, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılmasına nəzarət etmək, əməli və metodik köməklik göstərmək, onların bu sahədəki fəaliyyətlərini yoxlamaq və nəticəsi haqqında rəhbərliyə məlumat vermək;

3.1.3. ATMU-ya daxil olan xidməti korrespondensiyaları, vətəndaşlardan, təşkilatlardan daxil olan təklif, ərizə və şikayətləri qəbul etmək, qeydiyyata almaq, sənədlərin surətlərinin çoxaldılmasını və rəhbərliyin yazılı və şifahi göstərişinə əsasən aidiyyəti üzrə çatdırılmasını təmin etmək;

3.1.4. ATMU-dan xaric olan sənədlərin tələb olunan formada, qaydada tərtib edilməsini, göstərilən ünvanların və digər məlumatların düzgünlüyünü, vizaların tam və düzgün toplanmasını yoxlamaq, müvafiq səhvlər aşkar edildikdə səbəbləri göstərilməklə sənədi ATMU-nun müvafiq strukturlarına geri qaytarmaq;

3.1.5. sənədləri saxlamaq və onlardan istifadə edilməsini, saxlanılmalı olmayan sənədlərin seçilib ayrılmasını, onların məhv edildiyinə dair müvafiq aktın hazırlanmasını təmin etmək;

3.1.6. icra olunmuş sənədləri ATMU-nun müvafiq strukturlarından qəbul etmək, icradan çıxarılmasını, aidiyyəti üzrə göndərilməsini təmin etmək;

3.1.7. ATMU-da sənəd dövriyyəsinin uçot-nəzarət işini təşkil etməklə sənədlərin dövriyyəsinə və icra müddətinə nəzarət etmək, icra müddəti başa çatmış sənədləri struktur bölmələrdən və ATMU-nun tabeliyində olan hüquqi şəxs statuslu qurumlardan tələb etmək, pozuntu halları barədə rəhbərliyi məlumatlandırmaq;

3.1.8. əmr, sərəncam və digər sənədlərin layihələrini imzalanmaq üçün ATMU-nun rektoruna təqdim etməzdən əvvəl onun tərtibinin düzgünlüyünü, lazımi vizaların və əlavələrin mövcudluğunu yoxlamaq, imzalanmış əmrləri, sərəncamları və digər sənədləri qeydiyyata almaq, saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılmasını təmin etmək;

3.1.9. sənəd qovluqlarının düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə ATMU-nun fəaliyyəti nəticəsində yaranan və kənardan alınan bütün sənədlər daxil edilməklə işlərin ümumi nomenklatur-siyahısını tərtib etmək;

3.1.10 Sənədlərin müəyyən edilmiş qaydada hazırlanıb arxivə təhvil verilməsini təmin etmək;

3.1.11. ATMU-nun strukturlarında kargüzarlıq üçün məsul olan işçiləri fəaliyyət istiqamətlərinə uyğun olaraq təlimatlandırmaq, onların kargüzarlıq məsələləri üzrə peşə ixtisasını yüksəltmək üçün məşğələlərin təşkilində və keçirilməsində iştirak etmək;

3.1.12. vətəndaşların qəbulunu təşkil etmək, icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxılmasını və qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq tədbirlərin görülməsini təmin etmək;

3.1.13. öz səlahiyyətləri daxilində xidməti sənədləri hazırlayıb rəsmiləşdirmək;

3.1.14. kargüzarlıq, sənəd dövriyyəsi, vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması sahələrində təşkilati-sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək, təsdiq olunmuş normativ aktların yerinə yetirilməsinə nəzarət etmək və vaxtaşırı rəhbərliyə məlumat vermək;

3.1.15. şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq, təsdiq olunmuş planların icrasını təmin etmək;

3.1.16. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;

3.1.17. ATMU rektoru tərəfindən təcili, xüsusi əhəmiyyətli sənədlər, o cümlədən vətəndaşların təklif, ərizə və şikayətlərinə dair verilmiş tapşırıqların vaxtında icra olunmasına cari nəzarət etmək;

3.1.18. ATMU-ya dövlət orqanlarından daxil olan hüquqi aktların, vətəndaşların müraciətlərinin icrası barədə aidiyyəti dövlət orqanlarına və ATMU rektoruna hesabatları hazırlamaq və təqdim etmək;

3.1.19. ATMU-nun strukturlarında kargüzarlıq üçün məsul olan şəxslərin siyahısının müəyyən edilməsində, onların siyahısında dəyişikliklər edilməsində iştirak etmək, ATMU-nun strukturlarının və müstəqil vəzifəli şəxslərinin şərti şifrələrinə dair təkliflər vermək;

3.1.20. səlahiyyətləri çərçivəsində ATMU-nun inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək;

3.1.21. rəhbərliyin müvafiq tapşırıqlarının icrası haqqında rəhbərliyə vaxtaşırı informasiya təqdim etmək;

3.1.22. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. Şöbənin hüquqları

4.1.Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. fəaliyyət istiqamətləri üzrə ATMU-nun strukturları tərəfindən normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrinə dair təkliflər vermək;

4.1.2. ATMU-ya aid sənədlərin əsli ilə düzgünlüyünü təsdiq etmək;

4.1.3. vətəndaşlar tərəfindən ATMU-ya ünvanlanmış və icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxmaq, araşdırmalar aparmaq və bu sahədə ATİ-nin müvafiq strukturlarının və müstəqil vəzifəli şəxslərinin iştirakının təmin edilməsi üçün təkliflər vermək;

4.1.4. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar səlahiyyətləri daxilində ATMU-nun strukturlarına, ATMU-nun tabeliyində olan hüquqi şəxs statuslu qurumlara müvafiq qaydada sorğular ünvanlamaq və onlardan müvafiq məlumatları (sənədləri) almaq;

4.1.5. sənədlərin icra müddətinə və vətəndaşların müraciətlərinə baxılmasının gedişinə nəzarət etmək məqsədilə, icra vaxtı keçmiş sənədlər aşkar edildikdə icraçını və ATMU-nun müvafiq struktur bölməsinin rəhbərini bu barədə xəbərdar etmək;

4.1.6. ATMU-nun strukturları tərəfindən kargüzarlığın aparılması, arxiv işinin təşkili, vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması sahələrində qanunvericiliyin, təşkilati-sərəncamverici sənədlərin tələblərinin pozulmasını, habelə bu istiqamətlər üzrə onlara verilmiş tapşırıqların, həvalə edilmiş vəzifə və funksiyaların lazımınca icra edilməməsini doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təkliflər vermək;

4.1.7. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

4.1.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət orqanlarına, bələdiyyələrə, fiziki və hüquqi şəxslərə müraciətlərin layihələrini hazırlamaq;

4.1.9. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində ATMU-nu dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;

4.1.10. ATMU-da və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə ATMU-nu təmsil etmək;

4.1.11. Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflər vermək;

4.1.12. Şöbənin əməkdaşlarının kargüzarlığın aparılması sahəsində ixtisaslarının artırılması üçün təkliflər vermək;

4.1.13. ATMU-nun strukturlarında və ATMU-nun tabeliyində olan hüquqi şəxs statuslu qurumlarda kargüzarlıq üçün məsul olan işçilərin ixtisasının artırılması üçün təkliflər vermək;

4.1.14. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Şöbənin təşkilati strukturu və idarə olunması

5.1. Şöbənin strukturu və əməkdaşlarının sayı ATMU rektorunun təklifləri əsasında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən müəyyən və təsdiq edilir. Şöbə bilavasitə ATMU rektoruna tabedir və onun qarşısında hesabat verir. ATMU rektoru tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, heç kəs şöbənin fəaliyyətinə müdaxilə edə bilməz.

5.2. Şöbənin fəaliyyətinə şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri şöbəyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.3. Şöbə müdiri işdə olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada şöbənin kargüzarı həyata keçirir.

5.4. Şöbənin ştat cədvəlinə şöbə müdiri, kargüzar, arxivarus və operator daxildir.

5.5. Şöbə müdiri və şöbənin digər əməkdaşları müvafiq qanunvericiliyə uyğun olaraq rektor tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.6. Şöbənin müdiri və şöbənin əməkdaşları öz fəaliyyətlərini ATMU rektoru tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirirlər.

5.7. Şöbənin əməkdaşları bu Əsasnamənin tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

5.8. Şöbə müdiri:

5.8.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.8.2. ATMU-nun möhürünün və Ümumi şöbənin adı həkk olunmuş ştampının saxlanmasını və müvafiq qaydada istifadəsini təmin edir;

5.8.3. Şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;

5.8.4. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə Şöbənin iş planlarının hazırlanmasını təşkil edir, onları və digər sənədləri təsdiq edilməsi üçün rəhbərliyə təqdim edir və iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsinə nəzarət edir;

5.8.5.Şöbənin fəaliyyətinə dair ATMU-nun Elmi Şurasında müzakirə edilməli olan məsələləri müəyyən edir və zəruri hallarda bu barədə təkliflərini ATİ-nin rəhbərliyinə təqdim edir;

5.8.6. Şöbəyə daxil olan sənədləri öyrənir, onların əsasında rektora məlumat verir və ya onun yanında baxılmaq üçün təkliflər hazırlayır;

5.8.7. Şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təmin edir;

5.8.8.  Öz səlahiyyətləri çərçivəsində sənədləri imzalayır;

5.8.9. Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində digər struktur bölmələrindən zəruri olan məlumatları və sənədləri alır;

5.8.10. ATMU rektorunun, prorektorların göstərişlərinə əsasən struktur bölmələrdən, ATMU-nun tabeliyində olan hüquqi şəxs statuslu qurumlardan əmr, qərar və sənədlərin yerinə yetirilməsi haqqında məlumat tələb edir və öz səlahiyyətləri daxilində yerlərdə araşdırma aparır;

5.8.11. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

5.8.12. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görülməsi üçün ATMU rəhbərliyinə təqdimatlar verir;

5.8.13. Şöbənin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim edir;

5.8.14. Şöbəni təmsil edir;

ATMU-nun rektoru tərəfindən müəyyən edilmiş digər hüquq və vəzifələri həyata keçirir.

Ümumi şöbənin strukturu:

1. Şöbə müdiri                    

2. Aparıcı kargüzar

3. Kargüzar

4. Arxivarius

5. Operator

6. Kuryer