ATMU-da Elmi Şuranın növbəti iclası keçirilib
26.12.2025
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsi
Bölmə: Xəbərlər
Baxış sayı: 136
ATMU-da Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Elmi Şuranın növbəti iclası keçirilib. İclası universitetin rektoru İlham Mədətov açaraq iştirakçıları salamlayıb və gündəlikdəki mövzular barədə məlumat verib.

Tədbirdə universitetin tədris prosesi, elmi-tədqiqat fəaliyyəti, strateji inkişaf, maliyyə-təsərrüfat məsələləri və idarəetmə ilə bağlı məsələlər müzakirə olunub.

İclasın gündəliyinə əsasən, ilk olaraq qış imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında məsələ müzakirə edilib. Məsələ ilə bağlı Təhsil məsələləri üzrə rektor müşaviri Fərid Cabbarlı və fakültə dekanları çıxış ediblər. Elmi Şuranın qərarına əsasən, qış imtahan sessiyasına hazırlığın vəziyyəti qənaətbəxş hesab olunub və imtahanların 29 dekabr – 30 yanvar tarixləri arasında keçirilməsi qərara alınıb.

Daha sonra elmi-tədqiqat işlərinin yerinə yetirilməsinin vəziyyəti barədə Elmi tədqiqatlar və akademik təhsil mərkəzinin rəhbəri Nəsir Nəsirlinin məruzəsi dinlənilib. Təqdim olunan hesabat qəbul edilib, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınması məqsədəuyğun sayılıb.

İclasda ATMU-nun Strateji İnkişaf Planının 2025-ci il üzrə hesabatı Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri Sara Bağırlı tərəfindən təqdim olunub və Elmi Şura üzvləri tərəfindən qəbul edilib. Eyni zamanda, Strateji İnkişaf Planının 2026-cı il üçün fəaliyyət planı müzakirə olunaraq təsdiq edilib.

Gündəliyin növbəti məsələsi 2025-ci ildə maliyyə və təsərrüfat fəaliyyətinin nəticələri, eləcə də 2026-cı ildə bu istiqamətdə qarşıda duran vəzifələrlə bağlı olub. Məsələ üzrə Təsərrüfat və texniki təchizat şöbəsinin müdiri Mayıl Həsənovun hesabatı dinlənilib və müvafiq qərar qəbul edilib.

Ardınca ATMU rektoru İlham Mədətovun illik hesabatı Elmi Şura tərəfindən təsdiqlənib.

Cari məsələlər çərçivəsində doktorantların mövzularının təsdiqi haqqında müvafiq qərar qəbul edilib. Elmi Şuraya keçirilmiş seçkilərin nəticələri təsdiqlənib və siyahının Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə təqdim edilməsi qərara alınıb. Həmçinin, ATMU-nun 2026-cı təqvim ili üzrə ştat cədvəli qismən təsdiq edilib.

Qəbul olunan qərarların universitetin tədris, elmi və idarəetmə fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət etdiyi vurğulanıb.

İclasın sonunda rektor İlham Mədətov gündəlikdə müzakirə olunan bütün məsələlər üzrə konkret tapşırıq və tövsiyələrini verib.