ƏSASNAMƏ
1. Kafedra ATMU-nin əsas tədris-elm struktur bölməsi olub, ictimai fənlər üzrə tədris, metodiki və elmi-tədqiqat, elmi-pedaqoji və elmi işçilərin hazırlanması, yenidən hazırlanması, ixtisaslarının artırılması, təhsil alanlar arasında tərbiyə işlərini həyata keçirir.
2. Kafedranın kollektivi Azərbaycan Respublikası Qanunvericiliyinə, Təhsil Qanununa, ali məktəblər haqqında Əsasnaməyə, ATMU-nun Nizamnaməsinə, ali təhsil müəssisəsinin professor – müəllim heyətinin vəzifələrə seçilməsi və attestasiyası qaydalarına və bu Əsasnaməyə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir.
3. Kafedraya ümumi rəhbərlik, bir qayda olaraq elmlər doktoru, professor və ya elmlər namizədi elmi dərəcəsi və elmi rütbəsi olan kafedra müdiri tərəfindən həyata keçirilir. Kafedra müdirinin ayrı-ayrı sahələr üzrə (tədris, elmi, tərbiyə və s.) ictimai əsaslarla müavinləri olur.
4. Kafedranın kollektiv idarəetmə orqanı onun iclasında öz səlahiyyətlərini həyata keçirən kafedra kollektividir. Kafedra iclaslarının tərkibi müzakirə olunan məsələlərə əsasən müəyyən edilir. Kafedra iclasları zərurət olduqca, ancaq ayda bir dəfədən gec olmayaraq (məzuniyyət dövrü istisna olmaqla) çağırılır.
5. Kafedranın tərkibinə kafedra müdiri, professorlar, dosentlər, məsləhətçilər, baş müəllim, müəllim və assistentlər, elmi işçilər, aspirantlar, digər kateqoriyadan olan işçilər daxildirlər.
6. Kafedranın əsas vəzifələri:
- bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriya, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri səviyyədə aparılması;
- kurs və buraxılış işlərinə (layihələrinə), tanışlıq, istehsalat və digər təcrübələrə, tələbələrin fərdi işlərinə rəhbərlik edilməsi;
- kurs imtahanları və aralıq imtahanların keçirilməsi;
- dövlət imtahanlarının təşkili və keçirilməsi;
- təhsil alanlar arasında tərbiyə işinin təşkili;
- kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;
- dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlər, əyani vəsaitlər və s. hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris metodiki ədəbiyyata rəy verilməsi;
- elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi;
- tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;
- kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
- respublikanın və xarici ölkələrin ali məktəblərinin ayrı-ayrı kafedralarının, professor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması, yeni işə başlayan və gənc müəllimlərə pedoqoji təcrübə toplamaqda köməklik göstərilməsi;
- tədris prosesində müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;
- elmi – pedaqoji və elmi kadrların hazırlanması;
- kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
- qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki köməklik göstərilməsi məqsədilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;
- turizm sənayesində çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərmək;
- ATMU məzunlarının və kafedranın aspirant məzunları ilə daim əlaqənin təşkil edilməsi;
- elmi biliklərin təbliğ edilməsi.
7. Kafedra ən azı 5 professor – müəllim (o cümlədən 3 nəfər elmi dərəcəyə malik) olduqda yaradılır. Kafedranın illik tədris yükü 3,0 min saatdan az olmamalıdır.
8. Kafedra iclaslarına digər ali məktəblərin, elmi-tədqiqat institutlarının, müəssisə və təşkilatların işçiləri də dəvət oluna bilər.
9. Kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə və təsdiq edilir:
- kafedranın bütün fəaliyyət növləri üzrə, eyni zamanda müəllimlərin elmi, tədris-yardımçı heyəti, aspirantların, staj keçənlərin və fərdi planla təhsil alan tələbələrin plan və hesabatları;
- kafedra tərəfindən tədris olunan kurslar üzrə tədris vəsaitləri, proqramlar, imtahan materialları;
- müəllimlərin tədris yükü və tədris yükünün bölünməsi;
- kafedra tərəfindən təşkil edilən seminarların, konfransların, sərgilərin və s. tematikası;
- yoxlama, kurs və buraxılış işlərinin tematikası, rəhbərlərin və rəy verənlərin təyini, kurs və buraxılış işlərinin müdafiəyə buraxılması;
- elmi və metodiki işlərin nəşr olunma qaydalarına dair təqdimatların verilməsi;
- kafedra müdirinin müavinlərinin namizədliyi;
- öz səlahiyyətləri daxilində xarici ölkələrə, stajkeçməyə və ixtisasartırma fakültələrinə ezam etmək, doktoranturaya keçirmək, yaradıcılıq məzuniyyətləri vermək;
- öz səlahiyyətləri daxilində sərəncamında olan və ya məqsədli ayrılmış vəsaitin tədris, elm və sosial tələblərə xərclənməsi.
10. Kafedra qarşısında duran vəzifələri yerinə yetirmək üçün öz səlahiyyətləri daxilində digər məsələləri də müzakirə edib müvafiq qərar çıxara bilər. Kafedra iclasında qəbul olunan qərarlar barədə fakültənin elmi şurasına, zərurət olduqda isə ali məktəb rektorluğuna və elmi şurasına məlumat verilir.
11. Kafedra iclaslarında aşağıdakı məsələlər barədə təklif, tövsiyyə və ya təqdimat qəbul edilir:
- kafedra müdirinin seçilməsi;
- müəllim və elmi işçilərin işə qəbulu, onlarla müqavilə bağlanması, mövcud Əsasnaməyə uyğun olaraq onlara vəzifə maaşı və əlavələrin təyin edilməsi;
- aspiranturaya, magistraturaya, doktoranturtaya qəbul və iddiaçıların kafedraya təhkim olunması;
- dissertasiyaların müdafiəyə qəbul edilməsi;
- institut və ya fakültə tərəfindən elmi və tədris-metodiki əsərlərin nəşri;
- tələbələrin müəyyən fənlər üzrə fərdi planla təhsilə keçirilməsi;
- işçilərin və təhsil alanların həvəsləndirilməsi və ya cəzalandırılması;
- kafedranın müəllimlərinin, elmi işçilərin və digər əməkdaşların tutduqları vəzifədən kənar edilməsi;
- digər təkliflər.
12. Kafedra iclaslarında qərarlar açıq və ya gizli səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Tədris-metodiki məsələlərin və kafedra əməkdaşlarının işə qəbul olunma haqqında təqdimatların müzakirəsi zamanı tədris – tərbiyə prosesində şəxsən iştirak edən kafedra üzvləri həlledici səsə malikdirlər. Qərarlar qəbul edilərkən kafedra üzvlərindən birinin təklifi ilə gizli səsvermə aparıla bilər.
13. Kafedra müdiri:
- kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir;
- hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir;
- kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;
- ayrılmış əmək haqqı fondu daxilində və kafedranın büdcədənkənar vəsaiti hesabına kafedranın ştat tərkibini təklif edir;
- fakültədə, ATMU-da, kənar təşkilatlarda kafedranı təmsil edir;
- kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təklif edir;
- kafedranın fəaliyyətinin nəticələrinə görə kafedranın kollektivi, fakültə, ATMU-nun Elmi Şurası və rəhbərlik qarşısında məsuliyyət daşıyır.
14. Kafedra müdirinin müxtəlif sahələr üzrə (tədris, elm, tərbiyə və s.) müavinləri mövcud qaydada seçilir.
15. Kafedra mövcud qaydada ATMU elmi şurasının təqdimatına əsasən rektorun əmri ilə yaradılır və ləğv edilir.
16. Kafedranın professor-müəllim və elmi heyətinin vəzifələrə seçilməsi bir qayda olaraq mövcud Əsasnaməyə uyğun müsabiqə yolu ilə həyata keçirilir.
17. Kafedra kargüzarlığı mövcud qaydada təsdiq edilmiş nomenklaturaya uyğun olaraq aparılır.
18. Kafedranın tərkibindəki digər struktur qurumların Əsasnaməsi Ali məktəb haqında Əsasnaməyə, bu Əsasnaməyə uyğun olaraq hazırlanır və ATMU-nun elmi şurası tərəfindən təsdiq edilir.