SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

ƏSASNAMƏ

1. Kafedra  ATMU-nun  “Turizm və qonaqpərvərlik” fakültəsinin əsas tədris-elm struktur bölməsi olub, turizm və onunla əlaqəli fənlər üzrə tədris, metodiki və elmi-tədqiqat, elmi-pedaqoji işlərini həyata keçirir.

2. Kafedranın kollektivi Azərbaycan Respublikası Qanunvericiliyinə, Təhsil Qanununa, Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ aktları, qüvvədə olan digər qanunvericilik aktları, ali məktəblər haqqında Əsasnaməyə, ATMU-nun Nizamnaməsinə, bu Əsasnaməyə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir.

3. Kafedraya ümumi rəhbərlik, bir qayda elmi dərəcəsi və elmi vəzifəsi olan kafedra müdiri tərəfindən həyata keçirilir. Kafedra müdirinin ayrı-ayrı sahələr üzrə (tədris, elmi, tərbiyə və s.) ictimai əsaslarla müavinləri olur.

4. Kafedranın kollektiv idarəetmə orqanı onun ayda bir dəfədən gec olmayaraq (məzuniyyət dövrü istisna olmaqla) çağırılan iclasıdır.

5. Kafedranın tərkibinə kafedra müdiri, professorlar, dosentlər, baş müəllim, müəllim,  magistrlar, doktorantlar  və  digər kateqoriyadan olan işçilər daxildirlər.

6. Kafedranın əsas vəzifələri:

- bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş mühazirələrin, laboratoriyaların, praktiki seminar və digər dərslərin yüksək elmi-nəzəri səviyyədə aparılması;

- kurs və buraxılış işlərinə, istehsalat və digər təcrübələrə, tələbələrin sərbəst işlərinə rəhbərlik edilməsi;

- cari imtahanların  və aralıq yoxlamaların keçirilməsi;

- dövlət imtahanlarının təşkili və keçirilməsində iştirak;

- təhsil alanlar arasında tərbiyə işinin təşkili;

- kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanması və müvafiq qaydada təsdiq üçün təqdim olunması, həmçinin digər kafedraların hazırladıqları tədris proqramlarına rəy verilməsi;

- dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik və göstərişlər, əyani vəsaitlər və s. hazırlanması, rektorluğun (fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris metodiki ədəbiyyata rəy verilməsi;

- elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik edilməsi;

- tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsi, onların istehsalata tətbiq edilməsi və nəşr edilməsi üçün rəy verilməsi;

- kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;

- tədris prosesində müasir texniki vasitələrdən və yeni üsullardan istifadə edilməsinə dair tədbirlər hazırlanıb həyata keçirilməsi;

- elmi – pedaqoji və elmi kadrların hazırlanması;

- kafedra əməkdaşlarının, həmçinin rektorluğun (fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;

- tədris texnologiyaları üzrə qabaqcıl təcrübənin öyrənilməsi və onlara elmi-texniki köməklik göstərilməsi məqsədi ilə müxtəlif müəssisə və təşkilatlarla əlaqələrin təşkil edilməsi;

- turizm və mehmanxana sənayesində çalışan mütəxəssislərlə daimi əlaqələrin təşkil edilməsi;

- ATMU məzunlarının və kafedranın magistr və doktorant məzunları ilə daim əlaqənin təşkil edilməsi;

- elmi biliklərin təbliğ edilməsi.

7. Kafedra, ATMU Elmi Şurasının qərarı ilə, kafedranın illik tədris yükü 3.0 min saatdan az olmadıqda yaradılır.

8. Kafedra iclaslarına ATMU-nun, digər ali məktəblərin, elmi-tədqiqat institutlarının, müəssisə və təşkilatların işçiləri də dəvət oluna bilər.

9. Kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə və təsdiq edilir:

- kafedranın bütün fəaliyyət növləri üzrə, eyni zamanda müəllimlərin elmi, tədris-yardımçı heyəti, doktorantların, magistr təhsili alan və fərdi planla təhsil alan tələbələrin plan və hesabatları;

- kafedra tərəfindən tədris olunan kurslar üzrə tədris vəsaitləri, proqramlar, imtahan materialları;

- müəllimlərin tədris yükü və tədris yükünün bölünməsi;

- kafedra tərəfindən təşkil edilən seminarların, konfransların, sərgilərin və s. tematikası;

- yoxlama, kurs və buraxılış işlərinin tematikası, rəhbərlərin və rəy  verənlərin təyini, kurs və buraxılış işlərinin müdafiəyə buraxılması;

- elmi və metodiki işlərin nəşr olunma qaydalarına dair təqdimatların verilməsi;

- kafedra müdirinin müavinlərinin namizədliyi;

- tədris olunan fənlər üzrə təhsil alanların sərbəst işlərinin mövzularının müəyyənləşdirilməsi;

- sərbəst işlərin hazırlanması, təhvil verilməsi və qiymətləndirilmə qaydalarının müəyyən edilməsi;

- sərbəst işlərin yerinə yetirilmə qaydaları haqqında metodik tövsiyələrin hazırlanması və tələbələrə çatdırılması və s.

10. Kafedra qarşısında duran vəzifələri yerinə yetirmək üçün öz səlahiyyətləri daxilində digər məsələləri də müzakirə edib müvafiq qərar çıxara bilər.

-  kafedra iclasında  qəbul olunan qərarlar barədə fakültənin elmi şurasına, zərurət olduqda isə ATMU-nun elmi şurasına və rektora məlumat verilir.

11. Kafedra iclaslarında aşağıdakı məsələlər barədə təklif, tövsiyə və ya təqdimat qəbul edilir:

- kafedra müdirliyinə seçimin keçirilməsində iştirak, namizədlərin müzakirəsi;

- öz səlahiyyətləri daxilində kafedra müəllimlərini xarici ölkələrə, staj keçməyə və ixtisasartırma fakültələrinə ezam etmək, doktoranturaya qəbulla, yaradıcılıq məzuniyyətləri ilə əlaqədar təqdimat vermək;

- professor-müəllim  heyətinin işə qəbulu haqqında işəgötürmə komissiyasına müraciət, onlarla müqavilə bağlanması, mövcud Əsasnaməyə uyğun olaraq onlara vəzifə maaşı və əlavələrin təyin edilməsi haqqında təqdimat;

- magistraturaya, doktoranturaya qəbul və iddiaçıların kafedraya təhkim olunması;

- dissertasiyaların müdafiəyə qəbul edilməsi;

- universitet  və ya fakültə tərəfindən elmi və tədris-metodiki əsərlərin nəşri;

- tələbələrin fərdi planlarına uyğun təhsil alması;

- işçilərin və təhsil alanların həvəsləndirilməsi və ya cəzalandırılması;

- kafedranın professor-müəllim heyətinin və digər əməkdaşlarının tutduqları vəzifədən kənar edilməsi;

- ixtisasyönümlü tələbələrin mehmanxana və restoran tipli yerləşdirmə müəssisələrdə istehsalat təcrübələrini keçməkləri məqsədi ilə adı çəkilən müəssisələrlə danışıqların aparılması, istehsalat təcrübəsinin keçirilməsi haqqında müqavilələrin bağlanması, həmin müəssisələrdə təcrübə keçən tələbələrin kafedranın hansı əməkdaşları tərəfindən yoxlanılması məsələlərinin müzakirə edilməsi;

- digər təkliflər.

12. Kafedra iclaslarında qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir.

Tədris-metodiki məsələlərin və kafedra əməkdaşlarının işə qəbul olunma haqqında təqdimatların müzakirəsi zamanı tədris – tərbiyə prosesində şəxsən iştirak edən kafedra üzvləri həlledici səsə malikdirlər.

Qərarlar qəbul edilərkən kafedra üzvlərindən birinin təklifi ilə gizli səsvermə aparıla bilər.

13. Kafedra müdiri:

- kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;

- kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir;

- hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir;

- kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir;

- ayrılmış əmək haqqı fondu daxilində və kafedranın büdcədənkənar vəsaiti hesabına kafedranın ştat tərkibini təklif edir;

- fakültədə, ATMU-da, kənar təşkilatlarda kafedranı təmsil edir;

- kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təklif edir;

- kafedranın fəaliyyətinin nəticələrinə görə kafedranın kollektivi, ATMU Elmi Şurası və rəhbərlik qarşısında məsuliyyət daşıyır.

14. Kafedra kargüzarlığı mövcud qanunvericiliyə və ATMU-da qəbul edilmiş qaydalara uyğun olaraq aparılır.

15. Əsasnaməyə əlavələr və dəyişikliklər, bu əsasnamənin qəbul olduğu qaydada həyata keçirilir.

 

Bu əsasnamə kafedranın  06.09.2018-ci il tarixli iclasında təsdiq olunmuşdur.