Kitabxana haqqında ümumi məlumat

Kitabxana-İnformasiya Mərkəzi – turizm və menecment sahəsində zəngin fonda malik yeganə mərkəzdir. Kitabxana-İnformasiya Mərkəzi Heydər Əliyev Fondu tərəfindən turizm sahəsinə aid olan 28 adda 29 ədəd, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən isə 83 adda 420 ədəd bədii kitabla 10 aprel 2007-ci il tarixindən oxuculara xidmət göstərir. Daimi yenilənən KİM-in fondu əsasən Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Milli Elmlər Akademiyası, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, Avstriyanın Tətbiqi Elmlər Universiteti, Türkiyə Respublikası Boğaziçi Universiteti, Almaniya, İsrail, Portuqaliya, ABŞ-ın və başqa ölkələrin Azərbaycandakı səfirlikləri, BMT-nin Azərbaycan Təmsilçiliyi, Ümumdünya Turizm Təşkilatı kimi müxtəlif qurum və təşkilatlardan o cümlədən bir çox siyasət və elm xadimləri, müəlliflər və oxucular tərəfindən kitab və audio vəsaitlər kitabxanaya mütamadi olaraq hədiyyə olunur. Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə səmərəli əməkdaşlığı çərçivəsində universitetin Kitabxana-İnformasiya Mərkəzinə (KİM) Pearson, Oxford University Press, Cambridge University Press, Springer, Routledge və digər nüfuzlu nəşriyyat evlərində çap olunmuş müxtəlif adda 41 ədəd kitab hədiyyə olunub.

Bundan başqa, universitetin professor-müəllim heyəti tərəfindən kitabların yazılması və nəşr edilməsi o cümlədən, yerli və xarici müəlliflər tərəfindən nəşr olunmuş kitabların alınması daimi həyata keçirilir. Universitetin kitabxana prosesləri avtomatlaşdırılıb 2013-cü ildən etibarən İRBİS 64 elektron sistemi ilə fəaliyyət göstərir.