“Sosial menecment” fakültəsi Azərbaycan Turizm İnstitutunun rektorunun əmrinə əsasən 15 fevral 2013-cü il tarixində “Xidmət mühəndisliyi” adı altında yaradılmışdır. Daha sonra, “Xidmət mühəndisliyi” fakültəsinin adı Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasının 19 avqust 2019-cü il tarixli qərarı ilə dəyişdirilərək 15 sentyabr 2019-cu il tarixindən etibarən “Sosial menecment” adlandırılmışdır.
“Sosial menecment” fakültəsi Azərbaycan Turizm və Menecment Universitetin tədris, elm və inzibati bölməsi olub, elmi-tədqiqat və tərbiyə işlərini həyata keçirir. Fakültə ali təhsilin bakalavratura, magistratura və doktorantura pillələri üzrə proqramlar təklif edir, tədris əyani şöbədə “Sosial iş”, “Beynəlxalq münasibətlər”, “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması”, “Qida məhsulları mühəndisliyi”, “Nəqliyyat servisi” ixtisaslarında aparılır. Magistratura pilləsi üzrə isə “Dəmiryolu nəqliyyatında servis xidmətinin təşkili”, "Beynəlxalq mədəni əlaqələr tarixi və nəzəriyyəsi”, “Arxeoloji və tarixi memarlıq abidələrinin mühafizəsi”, “Qida təhlükəsizliyi”, “Muzeyşünaslıq”, “Əhalinin sosial müdafiəsi”, “Gənclərlə iş”, “Dünya siyasəti” ixtisaslarında aparılır.
Fakültə tədris prosesinin təkmilləşdirilməsini, mütəxəssis kadrların hazırlanmasında keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Bununla əlaqədar olaraq tələbələrə ixtisaslara uyğun olaraq əyani şəkildə müxtəlif müəssisələrdə dərslər təşkil olunur.
Həmçinin, fakültənin professor-müəllim heyəti mütəmadi olaraq xarici ölkələrdə və respublikada keçirilən müxtəlif səviyyəli elmi forumlarda elmi məruzələrlə çıxış edirlər. Beynəlxalq müqavilələr əsasında hər il fakültə üzrə seçilmiş tələbələr mübadilə əsasında I semestr ərzində müxtəlif ölkələrdə təhsil almaq şansı qazanırlar.