Könüllülük vətəndaş cəmiyyətinin formalaşmasında mühüm töhfə verməyə şərait yaradan bir hərəkat, görülən bütün işlərin timsalında cəmiyyəti irəli aparmağı hədəfləmiş fəaliyyətin bir sahəsidir. Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini könüllülük fəaliyyəti təşkil edir. Könüllülük fəaliyyəti fərdlərin sahib olduqları bilik, bacarıq və təcrübələri ətraf mühitlə bölüşməsinə, şəxsi inkişafla paralel cəmiyyətin də yüksəlişinə gətirib çıxarır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 30 dekabr 2019-cu il tarixli sərəncamına əsasən 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilmişdir.

Ali təhsil müəssisəsi olmaqla Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Azərbaycan dövlətinin milli maraqları naminə gənclərimizin bu sahədəki fəaliyyətini hər zaman dəstəkləyir, könüllüklə bağlı vaxtaşırı müxtəlif görüş və seminarların keçirilməsi işini təşkil edir, könüllü təşkilatlarla birlikdə müxtəlif layihələr reallaşdırır.

“Turizm Könüllüləri” Təşkilatı və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə COVİD-19 pandemiyası dövründə həyata keçirilən “VoluntouriZoom Online Hub” layihəsini qeyd etmək mümkündür. Layihənin keçirilməsində məqsəd Azərbaycanda turizm sahəsi üzrə təhsil alan və müvafiq sahəyə marağı olan könüllüləri vahid onlayn platforma ətrafında toplamaq, onları turizm və gənclərlə iş sahəsi üzrə ekspertlərlə bir araya gətirmək, son yenilikləri və mövcud vəziyyətlə bağlı gələcək planları müzakirə etmək,könüllülər tərəfindən təqdim olunan təklifləri qiymətləndirməkdir. Layihə ümumilikdə 12 ekspertin  iştirakı  ilə  həyata  keçirilmişdir.

Universitetin dəstəyi nəticəsində tələbələrimiz qeyd olunan sahədə uğurlu fəaliyyətləri ilə seçilməkdədirlər. “Mədəniyyət könüllüləri”, “İdman könüllüləri”, “Gənc Könüllü” , “Bakı şəhər Halqası könüllüləri”, “ASAN könüllüləri”, “DOST könüllüləri” və digər könüllülük proqramlarının sıralarında ATMU tələbləri nümunəvi fəaliyyətləri ilə fərqlənirlər.

ATMU-nun tələbələri dövlət və özəl qurumlar tərəfindən təşkil olunan tədbirlərdə könüllü kimi fəaliyyət göstərərək həm yeni bilik və bacarıqlar əldə edir, həm də tədbirlərin yüksək səviyyədə keçirilməsinə töhfələrini verirlər. Tələbələrimiz müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Turizm İnformasiya Mərkəzi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Regional İnkişaf İctimai Birliyi və digər qurumlarda könüllü kimi fəaliyyət göstərmişdirlər. 

Azərbaycan Turizm Bürosu  tərəfindən təşkil olunan Novruz festivalında (10-30 mart 2019) 10 nəfər tələbə, ATMU-nun təşkilatçılığı ilə "Turizm Tədqiqatçılarının Görüşü" mövzusunda elmi-tədqiqat xarakterli seminarda (10.06.2019) 2 nəfər tələbə, Azərbaycan Dövlət Turizm Agentliyi, ATMU və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “Turizm sektorunda karyera perspektivləri” adlı tədbirdə (27.09.2019) 2 nəfər tələbə, Prime consulting şirkətinin təşkilatçılığı ilə baş tutan “Prime Travel Market” tədbirində (08.10.2019) 2 nəfər tələbə, ATMU və ƏƏSMN yanında Dövlət Məşğulluq xidmətinin birgə təşkilatçılığı ilə təşkil olunmuş “Karyerada ilk addım” karyera sərgisində (07.11.2019) 18 nəfər, Göyçayda təşkil olunan Nar festivalında (09.11.2019) 5 nəfər tələbə, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan Turizm Sammiti 2019” (29.11.2019) 29 nəfər tələbəmiz uğurla fəaliyyət göstərmiş və sertifikatlarla təltif olunmuşdurlar.

Həmçinin, 26 fevral 2020 il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində Xocalı soyqırımının 28-ci il dönümünə həsr olunan "Könlüm Xocalı" tədbirində ATMU-nun könüllü tələbələrini də görmək mümkün olmuşdur.

COVİD-19 pandemiyası zamanı yaranmış çətin vəziyyətdə ATMU-nun könüllü tələbələri yenə aktiv könüllü kimi göstərilən xidmətlərin əsas iştirakçılarından olmuşdurlar və bu davam etməkdədir. Mövcud vəziyyətlə əlaqədar olaraq başlayan karantin rejimi dövründə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən start verilən aksiyalara qoşularaq, yaşı 65-dən yuxarı olan vətəndaşlara, həmçinin aztəminatlı ailələrə kömək və dəstək məqsədi ilə ərzaq və digər məhsullarla təmin ediblər. Onlar “Könüllü donor”, “Könüllü qonşu”, “Biz birlikdə güclüyük” kimi könüllü proqramlarının da fəal iştirakçıları olublar.

Könüllü tələbələrimiz, həmçinin müxtəlif könüllü təşkilatlara üzvlük hüququ əldə etmişdirlər. Azərbaycan Turizm Könüllüləri Təşkilatı belə qurumlara ən bariz nümunədir. Təşkilatın sıralarında yüzlərlə ATMU tələbəsi müxtəlif vəzifələrdə fəaliyyət göstərirlər.

Həmidə Həmzəzadə

Həmidə Həmzəzadə

“Turizm və otelçilik” (İngilis bölməsi) ixtisasının 3-cü kurs tələbəsi

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2019-cu ilin dekabr ayında “İlin ən fəal könüllüsü” nominasiyası ilə təltif olunub.


"İlk öncə könüllülük mənim üçün təcrübə deməkdir. Potensialı olan turizmin bütün sahələrində təcrübə qazanmaq, ölkəmizdəki turizm sahələrinin peşəkarları ilə birlikdə çalışmaq, ölkəmizə yararlı olmaqdır. Əminəm ki, gələcək karyeramda da könüllülük fəaliyyətim böyük rol oynayacaqdır."

İlham Bilalov

İlham Bilalov

“Turizm və otelçilik” (İngilis bölməsi) 2020-ci il məzunu

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən 2020-ci ilin aprel ayında “Ayın könüllüsü” nominasiyası ilə təltif olunub.


"Könüllülük uğurlu karyeraya doğru atılmış ilk addımdır. Könüllülük fəaliyyəti ilə məşğul olarkən əldə etdiyimiz təcrübə gələcəkdə iş mühitində özümüzü daha yaxşı göstərməyimizə kömək olur."

Rəminə Salayeva

Rəminə Salayeva

“Turizm və otelçilik” (İngilis bölməsi) ixtisasının 3-cü kurs tələbəsi

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən 2020-ci ilin may ayında “Ayın könüllüsü” nominasiyası ilə təltif olunub.

“Könüllülük ilk növbədə, insanlara təmənnasız kömək və dəstək, həmçinin hər gün yeniliklərə açıq olmaqdır. Bundan əlavə, yeni dostlar əldə etmək, bir-birimizdən hər gün müxtəlif məlumatlar öyrənmək, beləliklə, sosial bacarıqları inkişaf etdirməkdir. Şübhəsiz ki, burada qazandığımız təcrübə və bilikləri heç nə əvəz edə bilməz və onlar bizə gələcək həyatımızda hər daim lazım olacaq. Sonda isə qeyd etmək istərdim ki, könüllülük adında olduğu kimi “könül”-dən gəlməlidir, təmsil edilən təşkilat və hərəkatdan asılı olmayaraq, həmrəy olmaq və hər şeyi könüldən etmək deməkdir.”

Əzizə İsmayılzadə

Əzizə İsmayılzadə

“Turizm və otelçilik” (İngilis bölməsi) ixtisasının 3-cü kurs tələbəsi

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayında “Ayın könüllüsü” nominasiyası ilə təltif olunub.

“Könüllülük fəaliyyəti mənim üçün karyerada ilk addımlar, yeni dostluqlar və ən əsası təcrübə deməkdir. Könüllü olmaq mənəvi dəyərlərin daşıyıcısı olmaq, fərqli düşüncələrə bərabər hörmət bəsləməkdir. Könüllülük cəmiyyəti formalaşdırmağı, irəli aparmağı hədəfləmiş bir fəaliyyət sahəsidir.”

Mirkənan Mənsurzadə

Mirkənan Mənsurzadə

“Turizm və otelçilik” (İngilis bölməsi) ixtisasının 4-cü kurs tələbəsi

Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayında “Ayın könüllüsü” nominasiyası ilə təltif olunub.

“Uğur əldə edə bilmək üçün dünya təcrübəsində də dəfələrlə şahidi olduğumuz, şəxsi inkişafının zirvələrini fəth edən, zaman-zaman örnək alıb idealımız olaraq müəyyən etdiyimiz hər bir şəxs kimi biz gənclər də fəaliyyətimizi ilk növbədə könüllülük prinsipləri üzərində həyata keçirib işimizə sevərək yanaşa bilməliyik. Əsas olan yalnız bu günümüzü qismən gözəlləşdirməyə yetəcək müəyyən miqdar maddi qazanc deyil, mənəvi qazanc və təcrübədir hansı ki, bu biz gənclərin gələcəyini tam mükəmməl şəkildə qurmağına kömək edir və şəxsi biznes, iş həyatının başlıca bünövrəsidir. Bundan əlavə könüllülük fəaliyyəti bizlərə istənilən sahədə gərəkli olan komanda şəklində işləmə bacarığını qazandırmaqla yanaşı birgə çalışıb gələcəyin mütəxəssisləri olacaq dostlar əldə edərək başda turizm sektoru olmaqla dünya iqtisadiyyatını əhatə edən, önəmli bütün fəaliyyət istiqamətlərində yeni əlaqələrin yaranması, artması, möhkəmlənməsi kimi güclü inkişafın prioritetinə sahib olma imkanı tanıyır. Hər birimiz zamanımızı gələcəyimizə işıq tutan bu cür fəaliyyətlərə sərf edərək üfüqümüzü genişləndirməliyik.”