Tələbə həyatı haqqında

     Azərbaycan Turizm və Menecment Universiteti tələbələrinə yüksək keyfiyyətli təhsil təmin etməklə yanaşı, onların asudə vaxtlarını səmərəli keçirməsinə xüsusi diqqət ayırır. Gənclərlə iş ATMU-nun həyata keçirdiyi təhsil siyasətinin tərkib hissələrindən biridir. Tələbə həyatının effektivliyinin artırılması məqsədi ilə universitet onların problemləri ilə yaxından tanış olur, həlli istiqamətində tədbirlər görür ,tələbələr üçün iş imkanları və müxtəlif təcrübə proqramlarında iştirak edərək təcrütəcrübə və biliklərini artırmağa kömək edir.

     “Tələbələrlə iş” strategiyasını formalaşdırmaqla ATMU tələbələrdə korporativ mədəniyyətin formalaşması, onların sosiallaşması, dünya görüşlərinin zənginləşməsi, vətənpərvərlik hisslərinin daha da inkişaf etdirilməsi məqsədini qarşıya qoymuşdur. Tələbələrin sosial layihələrdə, müxtəlif miqyaslı və mövzulu təlimlərdə, elmi-praktiki konfranslarda iştirakı, forumlara və intellektual oyunlara qatılması, sənaye nümayəndələri ilə onların görüşlərinin təşkili  ATMU-nun “tələbələrlə iş” strategiyası üçün mühüm fəaliyyət istiqamətlərindəndir.  Həmçinin ATMU-nun tələbələri müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə professor-müəllim heyəti ilə birlikdə universiteti təmsil edirlər.

     Bundan əlavə, tələbələrin idarəçilik bacarıqlarının artırılması və inkişafı məqsədilə universitet daxili idarəetmə fəaliyyətlərinə cəlb edilməsi  onlarda bu bacarıqlarn formalaşmasına xidmət edir. Tələbələrin müxtəlif yerli və beynəlxalq layihələrdə iştirakını dəstəkləməklə onlarda təşəbbüskarlıq, təşkilati bacarıqlar və yaradıcılıq xüsusiyyətlərinin inkişaf etdirilməsi universitetin əsas hədəflərindəndir.

   Bu işləri həyata keçirmək üçün universitetdə məsul Karyera və Kommunikasiya şöbəsi, eyni zamanda Tələbə Gənclər Təşkilatı (TGT) , Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və  Tələbə Elmi Cəmiyyəti (TEC) kimi  tələbə təşkilatları fəaliyyət göstərir.

     TGT tərkibində aşağıdakı klublar fəaliyyət göstərir:

Debat klubu

İdman klubu

ATMU MUN klubu

Eco Klub

Şahmat klubu

Natiqlik klubu

İntellektual Oyunlar klubu

     Tələbələrlə işin mühüm istiqamətlərindən biri onların praktiki biliklər əldə etməsidir. Belə ki, həm müvafiq şöbələr, həm də kafedralar tələbələrin əldə etdikləri biliklərin dərs müddəti ilə yekunlaşmaması üçün sahənin mütəxəssislərini universitetə dəvət edib, onların tələbələrlə görüşlərini təşkil edir. Həmçinin, müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlığın nəticəsi olaraq, universitetdə mövcud olan ixtisas profilləri üzrə mütəxəssislər tərəfindən tələbələrə təlimlər, müxtəlif infosesiyalar ,məlumat xarakterli görüşlər keçirilir, müəsisələrə səfərlər təşkil olunur.

     ATMU-dan olan məsul şəxslərin rəhbərliyi ilə tələbələrin sənaye müəssisələrinin səfərləri təşkil olunaraq onların mövcud sahə haqqında praktiki biliklər əldə etməsinə nail olunur. Ölkədə fəaliyyət göstərən 5 ulduzlu otellər şəbəkələri, turizm sahəsində fəaliyyət göstərən şirkətlər, muzeylər, araşdırma şirkətləri, dövlət qurumları və s. səfər edilən müəssisələr sırasındadırlar.

     Həmçinin, tələbələrimizin 14-22 həftə müddətində yerli və beynəlxalq qurumlarda istehsalat təcrübəsinin təşkili də onların tələbəlik həyatının səmərəli və praktiki biliklərlə zəngin olmasına xidmət edən fəaliyyətlərdəndir.

       Beləliklə, ATMU tələbələrinin öz sahəsinin peşakar kadrları kimi yetişməsi üçün mümkün olan bütün vasitələrdən istifadə etməklə ixtisaslaşdıqları sahələrdə dayanıqlı inkişafı təşviq edən və fəaliyyət göstərdikləri müəssisələrdə xidmət səviyyəsini yüksəltməyə töhfə verəcək yeni nəsil liderlər yetişdirmək hədəfini reallaşdırmaqdadır.

Tələbə həyatı