2026 - 3
Xülasə: Məqalədə turizmin perspektivli növü olan müalicə-sağlamlıq və sanatoriya-kurort turizminin mahiyyəti, təsnifatı, təşkilati-hüquqi əsasları və müasir inkişaf meylləri təhlil olunur. Qeyd olunur ki, kurortlar aparıcı təbii müalicəvi amillərinə görə balneoloji, palçıq və iqlim (həmçinin onların kombinasiyası) tiplərinə, eləcə də yerli, regional və beynəlxalq əhəmiyyətinə görə təsnif edilir. Müalicə sağlamlıq turizmi çərçivəsində sanatoriyalar, sanatoriya-profilaktoriyalar, pansionatlar, istirahət evləri və kurort poliklinikaları kimi müəssisələrin funksiyaları, ixtisaslaşma sahələri və fəaliyyət xüsusiyyətləri izah olunur. Məqalədə sanatoriya-kurort müalicəsi təbii və fizioloji müalicə üsulu kimi qiymətləndirilir, müalicə prosesinin 3 əsas etabı (adaptasiya, əsas müalicə və yekun dövrü) və rejimləri açıqlanır. Eyni zamanda, elektrofizioterapiya, ultrasəs, maqnit, lazer və vakuum-kompression terapiya kimi müasir fizioterapevtik texnologiyaların rolu diqqətə çatdırılır. Son dövrlərdə səhiyyə və turizm bazarında baş verən dəyişikliklər nəticəsində ənənəvi sanatoriyaların geniş istehlakçı kütləsi üçün çoxfunksiyalı anti-stress və reabilitasiya mərkəzlərinə çevrildiyi bildirilir. Məqalənin sonunda sanatoriya-kurort xidmətlərinin iqtisadi xüsusiyyətləri, xüsusilə mövsümilik amilinin qiymət siyasətinə və strategiyalarının (mənfəətin maksimallaşdırılması, keyfiyyət liderliyi və s.) seçilməsinə təsiri əsaslandırılır.
Açar sözlər: Müalicə-sağlamlıq turizmi, sanatoriya-kurort müalicəsi, təbii müalicə ehtiyatları, balneologiya, fizioterapiya, reabilitasiya proqramları, pansionat, kurortologiya, mövsümilik amili, qiymət strategiyası.
Xülasə: Tədqiqatın məqsədi Azərbaycanda turizm üçün xarakterik fəaliyyət sahələrinə yönəldilən əsas kapital investisiyalarının yaradılan əlavə dəyərə çevrilmə dərəcəsini qiymətləndirmək, maliyyə axınlarının nəticəliliyini ölçmək və investisiya siyasətinin təkmilləşdirilməsi üçün elmipraktiki mexanizmlər irəli sürməkdir. İnformasiya bazasını 2014-2024-cü illər üzrə rəsmi statistik göstəricilər təşkil edir. Metodoloji çərçivədə dinamik və müqayisəli təhlil, investisiya intensivliyi, şərti maliyyə səmərəliliyi, pandemiyadan sonrakı bərpa indeksi, mürəkkəb orta illik artım tempi, variasiya əmsalı, cari və birillik gecikməli Pearson korrelyasiyası tətbiq edilmişdir. Nəticələr göstərir ki, turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyər 2014-2024-cü illərdə 2,48 dəfə artaraq 5 973,8 milyon manata, ÜDM-də xüsusi çəkisi isə 4,7 faizə çatmışdır. Bununla yanaşı, investisiya axınları yüksək dəyişkənlik nümayiş etdirmiş, onların variasiya əmsalı əlavə dəyərin müvafiq göstəricisindən təxminən üç dəfə yüksək olmuşdur. 2016-2024-cü illər üzrə investisiya ilə əlavə dəyər arasında 0,67, investisiyanın birillik gecikməsi nəzərə alındıqda isə 0,63 səviyyəsində müsbət əlaqə müəyyən edilmişdir. Elmi yenilik turizm investisiyalarının nəticəliliyinin cari maliyyə axını, yaradılmış əlavə dəyər, zaman gecikməsi və şokdan sonrakı bərpa göstəricilərini birləşdirən vahid qiymətləndirmə çərçivəsində təhlil edilməsidir. Tətbiqi nəticə olaraq nəticəyönümlü maliyyələşdirmə, regional layihə portfelləri, rəqəmsal investisiya reyestri, riskə uyğun maliyyə alətləri və investisiya sonrası monitorinq sistemi təklif olunur.
Açar sözlər: turizm investisiyaları, maliyyə səmərəliliyi, əlavə dəyər, investisiya intensivliyi, regional inkişaf, dövlət-özəl tərəfdaşlığı, nəticəyönümlü maliyyələşdirmə
Xülasə: Bu məqalədə Məmməd Əmin Rəsulzadənin 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra mühacirət həyatının Avropadakı dövrü araşdırılır. Əsas diqqət onun Avropa ölkələrində ictimai-siyasi, jurnalist və təşkilati fəaliyyətinə yönəlmişdir və burada o, Azərbaycanın müstəqilliyini bərpa etmək uğrunda mübarizəni davam etdirmişdir. Avropada mühacirət şəraiti, Azərbaycan siyasi mühacirətinin inkişafı və Rəsulzadənin vətənindən kənarda milli ideyanın qorunmasındakı rolu təhlil edilir. Məqalədə Rəsulzadənin mühacirət mətbuatının yaradılması və inkişaf etdirilməsi, siyasi birliklərin təşkili və digər milli mühacir hərəkatlarının nümayəndələri ilə beynəlxalq əlaqələrin saxlanmasında fəaliyyəti araşdırılır. Xüsusilə onun Azərbaycanın dövlət müstəqilliyi hüququnu əsaslandıran, Sovet milli siyasətini tənqid edən və Azərbaycan dövlətçiliyi konsepsiyasını formalaşdıran nəşrlərinə diqqət yetirilir.
Açar sözlər: M.Ə.Rəsulzadə, Avropa, mühacirət, Polşa, Almaniya, Fransa
Xülasə: Məqalənin məqsədi aşağı büdcəli aviaşirkətlərin (low-cost carriers) turizm sektoruna təsirinin beynəlxalq təcrübə əsasında kompleks şəkildə təhlil edilməsi və Azərbaycanda bu seqmentin inkişaf perspektivlərinin elmi-nəzəri baxımdan qiymətləndirilməsidir. Mövzunun aktuallığı son onilliklərdə LCC-lərin qlobal aviasiya bazarının ən sürətlə böyüyən seqmentinə çevrilməsi, hava səyahətlərinin əlçatanlığının artması və turist axınlarının strukturunda baş verən əhəmiyyətli dəyişikliklərlə şərtlənir. Azərbaycan kontekstində bu problematikaya dair sistemli tədqiqatların azlığı məqalənin elmi dövriyyədəki boşluğu doldurmasını zəruri edir və onun regional iqtisadi tədqiqatlar üçün nəzəri-metodoloji əhəmiyyətini artırır. Məqalədə sistemli analiz, müqayisəli təhlil, iqtisadi-statistik və qrafik interpretasiya üsullarından istifadə edilmişdir. Tədqiqatın informasion bazasını Wizz Air Holdings-in illik hesabatları, CAPA və OAG aviasiya statistikası, IATA hesabatları, Budapeşt Hava Limanının turizm göstəriciləri, habelə Rusiya, Azərbaycan və xarici alimlərin elmi əsərləri təşkil etmişdir. Müəllif tərəfindən LCC-lərin fəaliyyət prinsipləri sistemləşdirilmiş, onların turizm və makroiqtisadi təsir mexanizmləri konkret empirik göstəricilər əsasında açıqlanmış, habelə beynəlxalq təcrübənin Azərbaycanın aviasiya və turizm bazarına tətbiqi imkanları təhlil edilmişdir. Tədqiqat aşağıdakı elmi suallara cavab verir: LCC-lərin biznes modeli hansı struktur amillər üzərində qurulur? Bu şirkətlər turist axınlarının formalaşmasına və destinasiyaların inkişafına necə təsir göstərir? Wizz Air nümunəsində belə daşıyıcıların makroiqtisadi effektivliyi hansı səviyyədədir? Azərbaycan mövcud hava limanları şəbəkəsi və coğrafi mövqeyi kontekstində bu seqmentdən necə daha səmərəli faydalana bilər? Məqalənin nəticələri aviasiya şirkətlərinin menecerləri, turizm operatorları, dövlət tənzimləyiciləri və iqtisadiyyatın bu sektorunu tədqiq edən elmi ictimaiyyət üçün nəzəri-metodoloji və praktiki əhəmiyyət daşıyır, eyni zamanda gələcək empirik tədqiqatlar üçün konseptual istiqamətlər formalaşdırır.
Açar sözlər: aşağı büdcəli aviaşirkətlər, low-cost carriers, turizm, hava nəqliyyatı, turist axınları, Azərbaycan turizmi, turizm inkişafı
Xülasə: Sənaye parkları qeyri-neft sektorunun diversifikasiyası, investisiyaların cəlbi, texnoloji modernləşmə və regional məşğulluğun artırılması baxımından bir çox ölkələrdə sınaqdan çıxmış sənaye siyasəti alətlərindən biridir. Qlobal dəyər zəncirlərinin transformasiya olunduğu, rəqabətin artdığı və istehsalın ekoloji tələblərə daha çox diqqət yetirildiyi bir mühitdə sənaye parklarının əhəmiyyəti daha da artır. Azərbaycan təcrübəsində sənaye parkları, əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) vasitəsilə idarə olunan infrastruktur təminatlı ərazilər kimi formalaşmış, rezidentlər üçün vergi-gömrük güzəştləri və “vahid pəncərə” mexanizmi ilə biznes mühitini sadələşdirmişdir. Rəsmi məlumatlarda sənaye zonalarında ümumilikdə 7 mlrd manatdan çox investisiya, 11 mindən artıq daimi iş yeri, 19,4 mlrd manatlıq istehsal və 6,1 mlrd manatlıq ixrac həcmi qeyd olunur; məhsulların 70 ölkəyə ixrac edildiyi bildirilir. Tədqiqatın məqsədi Azərbaycanda sənaye parklarının iqtisadiyyatda oynadığı rolu başa düşməkdir. Bu tədqiqat, onların investisiya, istehsal, ixrac və məşğulluq göstəriciləri baxımından effektivliyini araşdırmağı hədəfləyir. Eyni zamanda, portfel daxilində fərqlənən ixtisaslaşma modellərinin (kapital tutumlu ağır sənaye və əmək tutumlu yüngül sənaye) müəyyənləşdirilməsi üzərində dayanılır.Sənaye, post-münaqişə bərpa yönümlü parklar və digər sahələr arasında müqayisəli təhlil aparmaq və beynəlxalq təcrübəni (SEZ/industrial park yanaşmaları) sistemli şəkildə uyğunluq və fərqlərlə izah etməkdir. Tədqiqatın metodları arasında rəsmi statistika və institusional mənbələrə istinad edən təsviri-statistik analiz, parklararası müqayisəli qiymətləndirmə, nisbət göstəriciləri əsasında dəyərləndirmələr (məsələn, investisiya/iş yeri, ixrac payı), məzmun analizi (normativ-hüquqi bazanın və idarəetmə mexanizmlərinin araşdırılması) və beynəlxalq yanaşmalar yer alır.Analizlər vasitəsilə konseptual müqayisə həyata keçirilmişdir.Nəticə etibarilə, sənaye parklarının makroiqtisadi təsiri ilə yanaşı, onların effektivliyi idarəetmə keyfiyyəti, sektor yönləndirməsi, logistika vəziyyəti və insan kapitalının mövcudluğu kimi amillərə bağlıdır. Bu əsasda praktiki siyasətə yönəlmiş təkliflər irəli sürülür.
Açar sözlər: sənaye parkı, xüsusi iqtisadi zonalar, regional inkişaf, investisiya, məşğulluq
Xülasə: Məqalədə Azərbaycan Respublikasının dövlət mütəqilliyinin bərpasından sonra nəşr olunmuş dərsliklərdə “Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı” mövzusunun saxta şəkildə oxuculara təqdim olunması tənqid olunub. Məqalədə sovet dövründə və dövlət müstəqilliyinin bərpasından sonra nəşr olunmuş kitablar müqayisə olunmuş və saxtakarlıqlar faktlarla göstərilmişdir.
Açar sözlər:Azərbaycan tarixi, şimali Azərbaycan, İşğal, çar Rusiyası, saxtakarlıq, Qacarlar
Xülasə: Məqalədə biliklərə əsaslanan iqtisadiyyatın mahiyyəti, nəzəri əsasları, inkişaf xüsusiyyətləri və müasir iqtisadi sistemdə rolu araşdırılır. Bilik və informasiyanın iqtisadi resurs kimi əhəmiyyətinin artması, insan kapitalının inkişafı, elmi tədqiqatların genişləndirilməsi və innovativ texnologiyaların tətbiqi bilik iqtisadiyyatının əsas xüsusiyyətləri kimi nəzərdən keçirilir. Tədqiqatda biliklərin yaradılması, yayılması və məhsuldar istifadəsinin iqtisadi artıma, əmək məhsuldarlığına və müəssisələrin rəqabət qabiliyyətinə təsiri izah olunur. Eyni zamanda təhsil, elm, texnologiya və innovasiya arasında qarşılıqlı əlaqələrin iqtisadi inkişafda rolu qiymətləndirilir. Məqalədə bilik iqtisadiyyatının inkişafı üçün insan kapitalına investisiyaların artırılmasının, rəqəmsal infrastrukturun təkmilləşdirilməsinin və elmi biliklərin istehsal proseslərinə tətbiqinin vacibliyi əsaslandırılır. Araşdırmanın nəticələri göstərir ki, biliklərdən səmərəli istifadə müasir iqtisadiyyatın davamlı inkişafının və beynəlxalq rəqabət üstünlüklərinin formalaşmasının mühüm şərtlərindən biridir
Açar sözlər: bilik, investisiyalar, bilik iqtisadiyyatı, fəaliyyət, informasiya iqtisadiyyatı, bilik prosesi, mərhələlər, nəzəriyyə, iqtisadiyyat, inkişaf, maliyyə, obyektlər, layihələr, təhlil, alətlər, innovasiya.
Xülasə: Tədqiqatın məqsədi – Maliyyə uçotu və audit sistemində müasir rəqəmsal texnologiyaların tətbiq istiqamətlərini, onların maliyyə hesabatlılığına, audit keyfiyyətinə və idarəetmə səmərəliliyinə təsirini qiymətləndirmək, bu sahədə mövcud problemləri müəyyənləşdirmək və gələcək inkişaf perspektivləri üzrə elmi əsaslandırılmış təkliflər hazırlamaqdır. Tədqiqatın metodologiyası – Tədqiqat zamanı sistemli yanaşma, müqayisəli təhlil, məzmun təhlili, induksiya və deduksiya metodlarından istifadə edilmişdir. Tədqiqatın tətbiqi əhəmiyyəti – Tədqiqatın nəticələri müəssisələrdə maliyyə uçotu və audit sisteminin rəqəmsallaşdırılması, audit proseslərinin avtomatlaşdırılması, maliyyə hesabatlarının keyfiyyətinin yüksəldilməsi və idarəetmə qərarlarının daha səmərəli qəbul edilməsi baxımından praktik əhəmiyyət daşıyır. Tədqiqatın nəticələri – Araşdırma nəticəsində müəyyən edilmişdir ki, süni intellekt, blockchain, Big Data, bulud texnologiyaları və robotlaşdırılmış proseslərin avtomatlaşdırılması maliyyə uçotu və audit sisteminin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır.Tədqiqatın orijinallığı və elmi yeniliyi – Tədqiqatda maliyyə uçotu və audit sistemində rəqəmsal texnologiyaların tətbiqi kompleks şəkildə qiymətləndirilmiş, müxtəlif rəqəmsal həllərin maliyyə idarəetməsi və audit keyfiyyətinə təsiri sistemli şəkildə təhlil edilmişdir.
Açar sözlər: maliyyə uçotu, audit, rəqəmsal transformasiya, süni intellekt, blockchain, Big Data.
Xülasə: Azərbaycan elm və mədəniyyət tarixinin inkişafında mühüm xidmətləri olan şəxsiyyətlərdən biri Cəlil bəy Bağdadbəyovdur. O, ölkəmizin ilk sənətşünas və etnoqraflarından biri olmaqla yanaşı, teatr aktyoru, rejissor, teatr təşkilatçısı və tərcüməçi kimi də geniş fəaliyyət göstərmişdir. Cəlil bəy Bağdadbəyovun çoxşaxəli fəaliyyəti milli mədəniyyətin formalaşması və zənginləşməsində əhəmiyyətli iz qoymuş, ömrünün böyük hissəsini xalqın mənəvi-mədəni tərəqqisinə və teatr sənətinin inkişafına həsr etmişdir. Onun qələmə aldığı xatirələr və qeydlər Azərbaycan musiqi tarixinin, etnoqrafiyasının, xüsusilə Qarabağ bölgəsinin sosial-mədəni mühitinin və məişət həyatının öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət kəsb edir. Məqalənin yazılmasına səbəb Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda mühafizə olunan Cəlil bəy Bağdadbəyova məxsus nikah şəhadətnaməsi olmuşdur. Həmin sənəd tədqiqatçılara həm Cəlil bəyin həyatı və yaradıcılığına yenidən nəzər salmaq, həm də XX əsrin əvvəllərində xarici vətəndaşlarla bağlanan nikah münasibətlərini araşdırmaq imkanı yaradır. Sənəddən məlum olur ki, Cəlil bəy 1917-ci ildə latış əsilli İlza Karklinq (Elsa Karklin) ilə ailə həyatı qurmuşdur. Məqalədə mövcud ədəbiyyat və muzey materialı əsasında Cəlil bəy Bağdadbəyovun həyatı və çoxşaxəli fəaliyyəti, Azərbaycan və dünya mədəniyyətində tutduğu yer, teatr sənətinin inkişafına verdiyi töhfələr, eləcə də etnoqrafiya sahəsindəki xidmətləri araşdırılmışdır
Açar sözlər: Cəlil bəy Bağdadbəyov, etnoqrafiya, teatr tarixi, nikah şəhadətnaməsi, mədəni irs, muzey kolleksiyası.
Xülasə: Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli və davamlı inkişafı turizm sektorunda fəaliyyət göstərən müəssisələrin idarəetmə sistemlərinə, marketinq strategiyalarına və müştəri münasibətlərinin idarə olunmasına ciddi və çoxşaxəli təsir göstərmişdir. Rəqəmsal transformasiya anlayışı yalnız yeni texnoloji həllərin tətbiqi ilə məhdudlaşmır, eyni zamanda təşkilati mədəniyyətin, işçi davranış modellərinin, daxili və xarici kommunikasiya mexanizmlərinin və sosial qarşılıqlı əlaqələrin müasir rəqəmsal mühitə uyğun şəkildə yenidən formalaşdırılmasını tələb edir. Bu proses turizm müəssisələrində daha çevik idarəetmə yanaşmalarının tətbiqini zəruri edir və həm daxili səmərəliliyin, həm də müştəri yönümlü xidmət keyfiyyətinin yüksəldilməsinə şərait yaradır. Bu tədqiqatın əsas məqsədi turizm müəssisələrində təşkilati davranış, sosial interaksiya və marketinq sinerjisi arasındakı qarşılıqlı əlaqələri kompleks şəkildə araşdırmaq, həmçinin bu amillərin ümumi marketinq performansına göstərdiyi təsiri müəyyənləşdirməkdir. Məqalədə rəqəmsal transformasiya şəraitində təşkilati davranış nümunələrinin və sosial qarşılıqlı əlaqələrin marketinq nəticələrinə təsiri nəzəri və konseptual yanaşmalar əsasında təhlil edilmişdir. Araşdırma nəticələri göstərir ki, işçi motivasiyasının yüksəldilməsi, liderlik keyfiyyətinin təkmilləşdirilməsi, effektiv daxili və xarici kommunikasiya sistemlərinin qurulması, eləcə də rəqəmsal marketinq alətlərinin vahid strategiya çərçivəsində inteqrasiyası turizm müəssisələrinin rəqabət qabiliyyətinin gücləndirilməsində və bazar mövqeyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Bundan əlavə, bu amillərin qarşılıqlı əlaqədə işləməsi müəssisələrə müştəri məmnuniyyətini artırmaq, xidmətlərin fərdiləşdirilməsini təmin etmək və uzunmüddətli loyallıq yaratmaq imkanı verir.
Açar sözlər: turizm menecmenti, təşkilati davranış, sosial interaksiya, rəqəmsal transformasiya, marketinq performansı, müştəri məmnuniyyəti.
Резюме: В статье представлен комплексный анализ становления и развития энергетического партнёрства между Азербайджаном и Европейским союзом в газовой сфере в контексте глубокой трансформации европейской энергетической архитектуры и глобальных изменений на мировом рынке энергоносителей. Особое внимание уделяется структурным сдвигам в газовом секторе ЕС, вызванным сокращением внутренней добычи, ростом импортной зависимости, колебаниями цен и усилением геополитических рисков, включая последствия российско-украинского конфликта, который привёл к пересмотру приоритетов энергетической политики и стимулировал активизацию стратегии диверсификации источников и маршрутов поставок природного газа. В статье подробно анализируются институциональные механизмы взаимодействия, законодательные инициативы и этапы реализации ключевых инфраструктурных проектов, прежде всего Южного газового коридора как системообразующего элемента транспортировки каспийского газа в Европу. Раскрывается значение его основных компонентов — Трансанатолийского газопровода (TANAP) и Трансадриатического газопровода (TAP), которые обеспечили прямое подключение к европейским рынкам, повысили надёжность поставок и минимизировали риски транзита. Отмечается важность ресурсной базы месторождения Шах-Дениз, а также роль межправительственных соглашений и стратегических инвестиций в формировании устойчивой и долгосрочной модели экспортных поставок. Сделан вывод о том, что последовательное расширение транспортной инфраструктуры, институциональная координация и правовое оформление сотрудничества способствовали укреплению энергетической безопасности ЕС, повышению геоэкономического статуса Азербайджана и формированию взаимовыгодной, стабильной и долгосрочной модели стратегического взаимодействия, ориентированной на расширение энергетической интеграции региона и устойчивое развитие газового сектора
Ключевые слова: Азербайджан, Европейский Союз, газовая сфера, Южный газовый коридор, энергетическая безопасность
Xülasə: Bu məqalədə Azərbaycanın qida sənayesində bazar seqmentlərinin mövcud vəziyyəti müqayisəli şəkildə təhlil və qiymətləndirilmişdir. Tədqiqat çərçivəsində qida sənayesinin əsas məhsul qrupları üzrə bazar seqmentlərinin inkişaf səviyyəsi, istehlakçı tələbi, rəqabət mühiti, qiymət siyasəti və marketinq fəaliyyətinin xüsusiyyətləri araşdırılmışdır. Həmçinin yerli istehsalın idxal məhsulları ilə rəqabət imkanları, istehlakçı davranışına təsir edən əsas amillər və bazar iştirakçılarının mövcud mövqeyi qiymətləndirilmişdir. Müqayisəli təhlilin nəticələri göstərir ki, bazar seqmentləri arasında inkişaf səviyyəsi, innovativ yanaşmaların tətbiqi və rəqabət qabiliyyəti baxımından müəyyən fərqlər mövcuddur. Məqalədə qida sənayesinin dayanıqlı inkişafı, bazar seqmentlərinin daha səmərəli idarə olunması və müəssisələrin rəqabət üstünlüyünün artırılması istiqamətində elmi-praktik tövsiyələr irəli sürülmüşdür.
Açar sözlər: bazar seqmentləri, qida sənayesi, bazar təhlili, marketinq, istehlakçı davranışı, rəqabət mühiti, Azərbaycan iqtisadiyyatı.