Nömrə 3, 4 say
Xülasə: Davamlı turizm ideyası turizmin tələbatlarının resursların məsuliyyətli istifadəsi ilə uyğunlaşdırılması zərurətinə getdikcə daha çox diqqət yetirməklə inkişaf etmişdir. Bu araşdırmada turizm sektorunda davamlı inkişaf haqqında ümumi məlumat verilir, onun ətraf mühitə, cəmiyyətə və iqtisadiyyata təsiri vurğulanır. Məqalədə davamlı turizmin inkişafına təkan verən ətraf mühit, sosial və iqtisadi imperativlər araşdırılır. O, davamlı inkişafın bir çox aspektlərinə toxunur, o cümlədən qlobal idarəetmə, infrastrukturun idarə edilməsi, biomüxtəlifliyin qorunması, təchizat zəncirinə nəzarət, tullantıların idarə edilməsi, təbii resursların idarə edilməsi və sosial-mədəni qoruqlar. Məqalədə, həmçinin, müxtəlif turizm sektorlarında, məsələn, məkan idarəçiliyində, turoperatorlarda, yaşayış yerlərində, nəqliyyatda, eləcə də ziyarətçi cəlb etmə sahələrində davamlı inkişafın təşkili xüsusi vurğulanıb. Sonda burada davamlı inkişafın təmin edilməsi üçün strategiyalar, o cümlədən məsuliyyətli istehlakçı davranışlarının təşviqi və davamlı turizm sertifikatlarının təqdim edilməsi nəzərdə tutulur. Beləliklə, bu məqalədə turizm sahəsində davamlı inkişafın vacibliyini vurğulayır və onun müxtəlif aspektləri və həyata keçirilmə üsulları haqqında məlumat verir.
Açar sözlər: turizmdə davamlı inkişaf, davamlı turizm təşviqi, resurs, qlobal idarəetmə, turizm sənayesi
Xülasə: Təqdim edilən məqalədə Azərbaycan Respublikasında müstəqillik illərində uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilmiş tədbirlər, qəbul olunmuş normativ-hüquqi sənədlər və dövlət uşaq müəssisələrinin inkişafına dair həyata keçirilmiş təşəbbüslər və layihələr araşdırılmışdır. 1991-2015-ci illər ərzində uşaq müəssisələrinin inkişaf etdirilməsi üçün həm dövlət, həm qeyri-hökümət təşkilatlarının fəaliyyətinin koordinasiya məsələləri, Heydər Əliyev Fondu tərəfindən bu sahədə həyata keçirilmiş tədbirlər tədqiq edilmişdir. Dövlət uşaq müəssisələrində tərbiyə alan uşaqların sayına dair statistik göstəricilər illər üzrə təhlil olunmuşdur.
Açar sözlər: uşaq evi, internat məktəbləri, uşaq siyasəti üzrə dövlət proqramları, sosial müdafiə.
Xülasə: XX əsrin əvvəllərində Rusiya imperiyasında böhran vəziyyəti ilə əlaqədar islahatlar dövrü başladı. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu qısa tarixi dövr ərzində son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitdə olduqca fəal xarici siyasət yeritdi. İstiqlal Bəyannaməsində qeyd olunduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər, xüsusilə qonşu xalqlar və dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa çalışırdı. AXC yarandığı ilk günlərdən, yaxın qonşuları ilə əlaqələrini dostluq və qarşılıqlı həmrəylik prinsipləri əsasında qurmağa çalışmış, bütün fəaliyyətini bu vəzifələrin yerinə yetirilməsinə yönəltmişdi. Azərbaycan dövlətinin qarşılaşdığı ciddi çətinliklərdən biri də ermənilərin "Böyük Ermənistan" yaratmaq məqsədilə irəli sürdükləri ərazi iddialarına qarşı mübarizə ilə bağlı idi. Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin qonşu dövlətlərlə münasibətlərindən bəhs olunur.
Açar sözlər: Azərbaycan Xalq Cümhuriyyəti, müstəqillik, qonşu dövlətlərlə münasibətlər, Türkiyə, Rusiya, Gürcüstan, İran, Ermənistan.
Xülasə: Azərbaycan Respublikasında XX əsrin sonlarından başlayaraq həyata keçirilən sosial-iqtisadi inkişafa istiqamətlənmiş tədbirlər müstəqil ölkənin regionlarından biri kimi şimal-şərq ərazilərində də öz nəticəsini göstərməkdə idi. Aparılan çoxsahəli islahatlar nəticəsində Quba-Xaçmaz regionunda mövcud potensialdan səmərəli istifadə edilməklə infrastruktur yenilənmiş, istehsal müəssisələrinin fəaliyyəti bərpa olunmuş və daha da genişləndirilmişdir. Regionda özəlləşdirmə proqramlarının həyata keçirilməsi və azad sahibkarlıq mühitinin formalaşdırılması nəticəsində nəqliyyat və turizm sahəsində qeyri-dövlət sektorunun payı artmışdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkədə yaratdığı ictimai-siyasi sabitlik, özəl münasibətlərin bərqərar olunması Quba-Xaçmaz regionunda bütün fəaliyyət sahələrinin inkişafına güclü təkan vermişdir. Heydər Əliyevin yaratdığı milli dövlətçiliyin müasir modeli öz unikallığı ilə fərqlənməklə yanaşı, Azərbaycanın inkişaf istiqamətlərini də özündə birləşdirir. XX əsrin sonlarında dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri də qeyri-neft sektorunun daha sürətli inkişafı olmuşdur. Dövrün spesfik xüsusiyyəti həm də ondan ibarətdir ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etməklə öz müqəddəratını həll etmək imkanını əldə etdi. Düzgün və ardıcıl islahatlar nəticəsində Quba-Xaçmaz regionunda da iqtisadiyyatın bütün sahələrində nəzərəçarpan irəliləyişlər əldə olunmağa başlandı. Hesab edirik ki, respublikada yaranmış stabillik ilk növbədə regionun infrastruktur inkişafının başlıca amilidir. Dövlət quruculuğunun möhkəmləndirilməsinə, idarəetmədə struktur dəyişikliklərinə, iqtisadiyyatın daha da inkişafına yönəldilmiş bir sıra mühüm fərmanların verilməsi nəticəsində bu regionun sosial-iqtisadi inkişafında çox böyük nailiyyətlər əldə edildi. Regionda ictimai-siyasi sabitlik, sağlam mühit və işgüzar şərait yaradıldı.
Açar sözlər: Region, Quba, Xaçmaz, Qusar, turizm, inkişaf, infrastruktur, nəqliyyat.
Xülasə: Rusiya imperiyasında baş verən Fevral inqilabı və oktyabr çevrilişi Cənubi Qafqazda üç müstəqil dövlətin- Azərbaycan, Gürcüstan və Ararat respublikalarının yaranması üçün zəmin yaratdı. 1918-ci ildə elan olunmuş Azərbaycan Cümhuriyyəti qarşısında duran əsas məqsəd bolşevik-daşnak qüvvələrinin nəzarəti altında qalan Bakı şəhərinin azad edilməsi olmuşdur. Qafqaz İslam Ordusunun qüvvələri tərəfindən 15 sentyabr 1918-ci ildə şəhər azad edildi. Təəsüf ki, ermənilər Azərbaycan tarixində belə bir mühüm və sevincli hadisəni sonradan uydurma “soyqırım” haqqında növbəti bəyanatları ilə kölgədə qoymağa çalışdılar. Erməni tarixşünaslığı bu mifi illərdir yaymaqla məşğuldur. Erməni tarixçilərin yazdığına görə, şəhərin dinc erməni əhalisinə qarşı "soyqırım" aktı törədilmiş və nəticədə təxminən 25-35 min insan öldürüldü. Erməni müəllifləri tarixi faktları və hadisələri saxtalaşdıraraq uzun müddət 1918-ci ilin sentyabr hadisələrindən antitürk təbliğatı üçün istifadə edirdilər. Sentyabr hadisələri şərh edərək, erməni müəllifləri əhaliyə qarşı guya törədilən vəhşiliklərin təsvirində hər dəfə yeni-yeni “faktlar” üzə çıxarır, hər bir yeni müəllif özündən əvvəlkindən fərqlənməyə çalışaraq, daha “etibarlı” mənbələri cəlb etməyə, bununla da daha dramatik, faciəvi mənzərə yaratmağa cəhd göstərir. Ermənistan tərəfi B. İşxanyanın rəhbərliyi altında anket komissiyasının topladığı məlumatları bu problemin öyrənilməsi üçün əsas mənbə kimi istifadə edir, halbuki komissiya tərəfindən toplanılan məlumatlar səhv və təhriflərlə doludur. 1918-ci ilin sentyabr hadisələrinin obyektiv öyrənilməsinə həsr olunmuş bu məqalədə, ilkin mənbələri, habelə statistik məlumatları cəlb etməklə "soyqırım" haqqında məharətlə yaradılan mifi dağıtmağa cəhd edilmişdir.
Açar sözlər: soyqırım, “Daşnaksütun”, “15 sentyabr hadisələri”, Sorğu komissiyası, erməni qırğını.
Xülasə: Məqalədə Azərbaycanda maarifçilik fəaliyyəti, o cümlədən milli təhsilin yaranması və inkişafından söhbət gedir. Dövlətimizin uğurlu mədəniyyət siyasətinin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla milli köklərinə bağlı, intellektual və yüksək estetik zövqə malik olan yeni təfəkkürlü gənc nəsil yetişdirilməsi qeyd edilir. İrəvan pedaqoji məktəbinin fəaliyəti Qori Müəllimlər Seminariyası ilə müqayisəli təhlil edilir. Ölkə başçısı İlham Əliyevin ildə İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamın əhəmiyyəti qeyd edilir.
Açar sözlər: İrəvan, pedaqoji məktəb, maarifçilik, təhsil.
Xülasə: Azərbaycanın bir çox bölgələrində xəttatlıq xüsusilə sevilən bir sənət olmuşdur. Xəttatlıq sənəti daha çox məscidlərin nəzdindəki məktəblərdə digər dərslərlə bərabər tədris edilmiş və bu sənətin Azərbaycanda mahir ustaları da yetişmişdir. Azərbaycanda xəttatlığın Orta əsrlərdən başlayaraq daima inkişafda olduğunu bu günə qədər qorunub saxlanılmış əlyazma əsərlər göstərir. Azərbaycanda müxtəlif əsrlərdə yaşamış birçox məhşur şəxsiyyətlər təhsil aldıqları müxtəlif elm sahələri ilə yanaşı xəttatlığı da öyrənmiş və birçox hallarda əsərlərinə özləri katiblik etmişlər. AMEA Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən bu misilsiz əlyazma əsər nümunələri ilk dəfə olaraq tədqiqata cəlb edilərək təqdim edilir.
Açar sözlər: Qədim, əsər, nüsxə, əlyazma.
Xülasə: Müasir dövrdə qeyri-neft setktoru kimi turizm bütün dünya ölkələrinin iqtisadiyyatının inkişafında başlıca rol oynayan sahələrdən birinə çevrilmişdir. Bu sektor ölkənin milli gəlirinin artırılmasına töhfə verməklə yanaşı onun müxtəlif aspektlərdən beynəlxalq aləmdə tanınmasına da şərait yaradır. Məhz turizm vasitəsilə müxtəlif mədəniyyət nümayəndələri müəyyən məqsədlərlə ölkəmizə səfər edir və xalqın qədim tarixi və zəngin mədəniyyəti ilə tanış olmaq imkanı qazanırlar. Bunu nəzərə alaraq turizm işinin nizama salınması və daha çox inkişaf etdirilməsi istiqamətində hər il qanunlar, fərmanlar və dövlət proqramları hazırlanıb qəbul olunur. Turizm əsasən istirahət və əyləncə xarakteri daşımasına baxmayaraq sosial-iqtisadi, siyasi və mədəni funksiyalara da malikdir. Mədəniyyət və turizmin qarşılıqlı əlaqəsi mədəni turizmin yaranıb inkişaf etməsinə şərait yaratmışdır. Mədəni turizm Azərbaycanın bəşər sivilizasiyasının formalaşmasındakı rolunu göstərmək və qədim tarixini və zəngin mədəniyyətini qlobal miqyasda təbliğ etməkdə böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tarixi-mədəniyyət abidələri ilə zəngin olan dünya əhəmiyyətli qədim Azərbaycan şəhərlərinin rolu da danılmazdır. Məqalə müxtəlif illərdə YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmış İçərişəhər və Şəki şəhərinin mədəni turizm potensialı və bu turizm növünün inkişaf etdirilməsi ilə əlaqədar görülən tədbirlərdən bəhs edir. Əldə olunan nəticələr beynəlxalq səviyyədə tanınan qədim şəhərlərin nəinki tarixi-mədəniyyət abidələri o cümlədən orada həyata keçirilən yerli və beynəlxalq tədbirlərin və fəaliyyət göstərən sənət mərkəzləri də mədəni turizmin inkişafına töhfə verdiyini göstərir.
Açar sözlər: Azərbaycan, turizm, mədəniyyət, potensial, şəhər
Xülasə: Məqalədə Azərbaycan xalq musiqisi və milli çalğı alətləri nəzərdən keçirilir. Eləcə də Azərbaycan musiqisinin inkişaf tarixi, Qarabağ musiqisinin Azərbaycan musiqisinin inkişafına təsiri göstərilmişdir. Həmçinin Azərbaycan musiqisinin inkişafında xalq musiqi yaradıcılarının, eyni zamanda xanəndələrinin böyük xidmətləri, zəngin musiqi irsinə malik Azərbaycan xalqının milli ruhunu oxşayan və ürəkləri ecazkar səsi ilə riqqətə gətirən Azərbaycan tarı və XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimləri içərisində istedadlı ifaçı və mahir tarzən Qurban Pirimovun həyat və yaradıcılığı öz əksini tapmışdır. Musiqi tariximizdə məşhur olmuş Mirzə Sadıqcandan sonra, Qurban Pirimov ilk solo ifa edən tarzən olmuşdur. Xalqın mənəvi aləmini tar havaları ilə zənginləşdirən Qurban Pirimov öz ifaları ilə Azərbaycan musiqi mədəniyyətini bir çox ölkədə təbliğ etmişdir. Tarda milli mənsubiyyətindən asılı olmayaraq istər klassik, istərsə də müasir üslubda səslənən xalq və bəstəkar mahnılarını, rəqslərini ifa etmək imkanları başqa alətlərlə müqayisədə daha genişdir. Belə ki, o, həm solo, həm üçlükdə, həm də orkestr tərkibində fəaliyyət göstərmişdir. Qurban Pirimov dramatik və musiqili səhnə əsərlərində tarda ifa etmişdir. Məqalədə Qurban Pirimovun Azərbaycan musiqisinə verdiyi töhfə elmi cəhətdən dolğun olaraq işıqlandırılmış, həyat və yaradıcılığı, həmçinin zəngin musiqi irsi haqqında xeyli məlumat öz əksini tapmışdır. Eyni zamanda tədqiqata Milli Azərbaycan Tarixi Müzeyinin zəngin kolleksiyasına daxil olan Qurban Pirimova məxsus materiallar da cəlb olunmuşdur.
Açar sözlər: Azərbaycan musiqisi, Qarabağ, Qurban Pirimov, çalğı alətləri, musiqi, mədəniyyət, tar, tarzən.